AZƏRBAYCANIN KANADADAKI SƏFİRİ BU ÖLKƏNİN PARLAMENT ÜZVLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Səfir bu görüşlərdə, nüstəqillik qazandığı dövrdən başlayaraq, Azərbaycanın fəal xarici siyasət yürütdüyünü, qlobal və regional təşkilatlarda iştirak etdiyini, siyasi istiqamətin demokratik və hüquqi cəmiyyət qurulmasına, bazar iqtisadiyyatının inkişaf etdirilməsinə yönəldiyini qeyd etmişdir. O, həyata keçirilən islahatlardan, investisiya qoyuluşu üçün yaradılan imkanlardan, iqtisadi layihələrdən, qeyri-neft sektorunun inkişaf etdirilməsindən ötrü görülən tədbirlərdən danışmışdır.
ÜDM-in inkişafına görə Azərbaycanın hazırda dünyada lider ölkəyə cevrildiyi və geosiyasi mövqeyi və respublikada Kanada səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafına təkan verə biləcəyi vurğulanmışdır.
Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı, Dağlıq Qarabağ münaqişəsinin tarixi, baş vermə səbəbləri parlament üzvlərinə izah edilmiş, ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünün mövcudluğu vurğulanmış, problemin həll edilməsində Azərbaycanın mövqeyi açıqlanmış, son danışıqlar prosesi barədə məlumat verilmişdir.
Səfir onları bu yaxınlarda yaradılmış Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna qoşulmağa dəvət etmişdir.