Azərbaycanın Kolumbiyadakı səfirliyi Milad bayramı münasibətilə ehtiyacı olanlara yardım edib
Vaşinqton, 29 dekabr, AZƏRTAC
Azərbaycanın Kolumbiyadakı səfirliyi tərəfindən Milad bayramı münasibətilə Kolumbiyanın “Acoexar” fondunun təşkilatçılığı ilə Boqota şəhərinin San Rafael rayonun ehtiyacı olan sakinlərinə hədiyyələr paylanılıb.
AZƏRTAC xəbər verir ki, hədiyyələrin təqdim olunması ilə bağlı tədbirdə Səfirliyin birinci katibi Elnur İskəndərov ilk öncə tədbir iştirakçılarını Milad və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, iki ölkə arasında mövcud olan ənənəvi dostluq əlaqələri barədə danışıb. Azərbaycanlı diplomat, həmçinin tədbir iştirakçılarına Azərbaycan barədə məlumat verərək, 2020-ci ilin olduqca çətin olmasına baxmayaraq, 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqların azad edilməsi ilə əlaqədar bu ilin Azərbaycan xalqının xatirəsində möhtəşəm zəfər ili kimi qalacağını qeyd edib.
Tədbir iştirakçıları Azərbaycan hökumətinə dərin təşəkkürlərini bildirib və onlara diqqət göstərilməsini yüksək qiymətləndirdiklərini qeyd ediblər.
AZƏRTAC-ın Vaşinqton bürosu
Vaşinqton