AZƏRBAYCANIN KÜVEYTDƏKİ SƏFİRLİYİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə mərasim keçirilmişdir.
Mərasimdə Milli Məclisin deputatı Azərbaycan-Küveyt parlament dostluq qrupunun sədri Əkrəm Abdullayev, Küveyt ədliyyə, vəqflər, dini işlər nazirinin birinci müavini Adil Fəlah, Türkiyənin Küveytdəki səfiri Şakir Fakılı, Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Küveytdəki səfiri Ş.Abdullayev müasir müstəqil Azərbaycanın dövlətçiliyinin qorunması və inkişaf etdirilməsi sahəsində ulu öndərimizin gördüyü misilsiz işlərdən danışmış, neft strategiyasının işlənib hazırlanması və reallaşdırılması, iqtisadi tərəqqinin əldə olunması, xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermiş, müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin məqsədyönlü ardıcıl siyasəti sayəsində daha da gücləndiyini xüsusi vurğulamışdır.
Ədliyyə, vəqflər, dini işlər nazirinin birinci müavini Adil Fəlah tədbirdə çıxış edərək, dahi şəxsiyyət Heydər Əliyevin islam dünyasındakı rolundan, Azərbaycanı inkişaf etmiş bir ölkə kimi tanıtmasından söz açmış, ümummilli lider barədə yazdığı “Heydər Əliyev: milli mənəvi dəyərlər” kitabını iştirakçılara təqdim etmişdir.
Türkiyənin Küveytdəki səfiri Şakir Fakılı ümummilli lider haqqında ürək sözlərini söyləyərək, ulu öndərin türk dünyasının çox böyük şəxsiyyətlərindən biri olduğunu, dost və qardaş xalqlarımız arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində, ölkələrimizin siyasi-iqtisadi maraqlarının uzlaşdırılmasında böyük xidmətlərini qeyd etmişdir.
Səfirlik ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı daha bir tədbiri “Şeraton” mehmanxanasında keçirmişdir. Tədbirdə A.Fəlahin “Heydər Əliyev: milli mənəvi dəyərlər” kitabı təqdim olunmuşdur.
Səfir Ş.Abdullayev kitabın əhəmiyyətindən danışmış, ulu öndər Heydər Əliyevin Azərbaycanın ərəb və islam dünyası ilə əlaqələrinin formalaşmasında və inkişafındakı xidmətlərini diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı, Azərbaycan-Küveyt parlament dostluq qrupunun sədri Əkrəm Abdullayev ümummilli liderimiz Heydər Əliyevin genişmiqyaslı siyasi fəaliyyətindən, Azərbaycanın ərəb və islam aləmi ilə əməkdaşlığının möhkəmləndirilməsində ulu öndərin xidmətlərindən danışmış, A.Fəlahın “Heydər Əliyev: milli mənəvi dəyərlər” kitabının əhəmiyyətini vurğulayaraq, ölkəmizdə islam dəyərlərinin qorunub saxlanmasında, islam mədəniyyəti abidələrinin, ziyarətgahların bərpasında və yeni məscidlərin tikilməsində Heydər Əliyevin xüsusi rolunu qeyd etmişdir.
Ədliyyə, vəqflər və dini işlər nazirinin birinci müavini Adil Fəlah “Heydər Əliyev: milli mənəvi dəyərlər” kitabı barədə geniş məlumat verərək, ulu öndərin islam dininə, islam adət-ənənələrinə, islam mədəniyyətinə göstərdiyi böyük diqqət və qayğıdan danımış, Azərbaycan cəmiyyətində dövlət-din münasibətlərinin qurulmasında, dini azadlığın təmin edilməsində, dini dözümlülük prinsiplərinin formalaşmasında islam dini ilə yanaşı, digər dini konfessiyaların da fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasında Heydər Əliyevin böyük xidmətlərini vurğulamış, Prezident İlham Əliyevin bu müdrik siyasəti uğurla davam etdirdiyini bildirmişdir.
Sonda tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərə, fotosərgiyə və kitablara baxmışlar.