Azərbaycanın mədəni irsinə qarşı yönəlmiş vandalizm hallarına beynəlxalq hüquq çərçivəsində qiymət verilməlidir – RƏY
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycanın azad edilmiş ərazilərində guya erməni irsinin dağıdılması ilə bağlı səsləndirilən iddialar əsassızdır. Bu cür ittihamlar heç bir faktiki sübuta əsaslanmır və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlmiş məqsədli dezinformasiya kampaniyasının tərkib hissəsi olmaqla, Azərbaycan torpaqlarında aparılmış sistemli vandalizmi ört-basdır etmək cəhdidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.
Deputatın sözlərinə görə, real faktlar göstərir ki, Ermənistan uzun illər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini irsə qarşı sistemli dağıntı siyasəti həyata keçirib, yüzlərlə tarixi-dini abidə qəsdən dağıdılıb, onların bir qismi yerlə-yeksan edilib, digərləri isə saxtalaşdırılaraq öz mənşəyindən uzaqlaşdırılıb. Bu, təsadüfi dağıntı deyil, planlı şəkildə həyata keçirilmiş mədəni təmizləmə siyasətinin açıq göstəricisidir. Bütöv bir xalqın yaddaşının sistemli şəkildə silinməsinə cəhd göstərilib: “Rəsmi məlumatlara görə, həmin dövrdə 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən 60-dan artıq məscid və 900-dən çox qəbiristanlıq məhv edilib və ya ciddi zərər görüb. Xüsusilə Ağdam, Füzuli , Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonları ərazilərində qəbiristanlıqların dağıdılması, qəbirlərin qazılması və başdaşılarının talan edilməsi geniş şəkildə sənədləşdirilib. Bundan əlavə, Ağdam Cümə məscidi və Zəngilan məscidi kimi dini abidələrin təhqiredici məqsədlərlə istifadə olunaraq heyvan saxlanılan məkanlara çevrilib. Bu cür davranış yalnız vandalizm deyil, eyni zamanda, dini nifrətin və mənəvi alçaldılmanın ən kəskin formasıdır. Eyni zamanda, Ermənistan öz ərazisində də Azərbaycan xalqına məxsus tarixi-dini irsin silinməsi siyasətini həyata keçirib. İrəvan şəhərində yerləşmiş Şah Abbas məscidi, Sərdar məscidi və Hacı Novruzəli məscidi kimi abidələr məhv edilib, Göy məscid isə dəyişdirilmiş formada təqdim olunub. Həmçinin Qandzasar monastırı, Xudavəng monastırı, Amaras monastırı və Ağoğlan məbədi kimi abidələrin mənimsənilməsi və saxtalaşdırılması halları da qeydə alınıb. Bütün bu faktlar Ermənistanın məqsədli şəkildə Azərbaycanın tarixi-mədəni izlərini silmək siyasəti apardığını və beynəlxalq hüququn kobud şəkildə pozulması göstərir. Azərbaycanın mədəni irsinə qarşı yönəlmiş vandalizm halları beynəlxalq təşkilatlar tərəfindən hərtərəfli araşdırılmalı, bu əməllərə beynəlxalq hüquq çərçivəsində adekvat hüquqi qiymət verilməlidir”.
Müxbir – Göyçək Mahmudlu