Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin xatirəsi anılıb
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Milli Qəhrəman Təbriz Xəlilbəylinin xatirəsinə həsr olunmuş “Vətən sənə oğul dedi...” adlı tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin Kitabxana-İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova xalqımızın qəhrəman oğlu Təbriz Xəlilbəylinin həyatından və keçdiyi döyüş yolundan danışıb.
Qeyd olunub ki, Xalq şairi Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açan Təbriz Xəlilbəyli 1991-ci ilin sonlarında könüllü olaraq cəbhəyə yola düşüb və qısa müddət ərzində döyüşçü yoldaşları arasında böyük nüfuz və hörmət qazanıb. O, döyüşlərdə dəfələrlə qəhrəmanlıq göstərib, yaralı əsgər və zabitlərimizi atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Təbriz Xəlilbəyli 1992-ci il yanvarın 31-də Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov qeyd edib ki, Azərbaycanın müstəqillik qazanmasında xalqımızın Xəlil Rza Ulutürk, Təbriz Xəlilbəyli kimi vətənpərvər oğullarının mühüm xidmətləri var. Təbriz Xəlilbəyli qısa ömür yaşasa da, xalq, Vətən üçün böyük işlər görüb. Onun əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Razim Məmmədov çıxışlarında tələbələrə Təbriz Xəlilbəyli kimi vətənpərvər olmağı tövsiyə ediblər.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli haqqında videoçarx nümayiş olunub, tələbələrin ifasında Xəlil Rza Ulutürkün serləri səsləndirilib.
Sonda Təbriz Xəlilbəylinin anası Firəngiz xanım tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.