AZƏRBAYCANIN MİLLİ QURTULUŞ GÜNÜ TBİLİSİDƏ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 15 İyun - Milli qurtuluş günü Gürcüstanda da geniş qeyd edilmişdir. Bu münasibətlə iyunun 15-də Tbilisinin mərkəzindəki Heydər Əliyev adına bağda mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq yerə əklil qoymuş, soydaşlarımız qarşısında çıxış etmişdir. Səfir qeyd etmişdir ki, bu şərəfli gün Azərbaycan tarixinə dövlətçiliyimizin dirçəldilməsinin, millətin səriştəsiz rəhbərlikdən xilas olmasının, demokratik, sivil dövlət quruculuğunun başlanğıcı kimi daxil olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın xarici və daxili düşmənləri ölkənin müstəqilliyi, milli mənəviyyatımız üçün ciddi təhlükə yaratmışlar. Belə bir ağır vaxtda qədirbilən xalqımız dünya miqyaslı siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etdi və məhz ulu öndərin uzaqgörən və cəsarətili siyasəti nəticəsində xalqımız bəlalardan, fəlakətlərdən xilas olunmuşdur.
Səfir Azərbaycan-Gürcüstan əlaqələrindən geniş söhbət açmış, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində, eləcə də bu ölkədə yaşayan azərbaycanlıların sosial problemlərinin həllində Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmişdir. N.Əliyev bildirmişdir ki, yaxın vaxtlarda bu bağda Heydər Əliyevin abidəsi ucaldılacaqdır.
Tədbirdə Gürcüstanda yaşayan soydaşlarımız, Tbilisidəki M.F.Axundov adına 73 nömrəli məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.