Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələri
Oğuz, 15 iyul (AZƏRTAC). Oğuz Rayon İcra Hakimiyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər 1969-cu il 14 iyulun Azərbaycanın inkişaf salnaməsinə qızıl hərflərlə yazılan tarixi bir gün olduğunu vurğuladılar. Qeyd olundu ki, həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev respublikanın keçmiş ittifaq miqyasında geridə qalmış əyalətlərindən biri kimi tanınması ilə barışmayaraq mövcud vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, bütün imkanları səfərbər etməklə tərəqqi yolunda maneələrin aradan qaldırılmasına nail olmuşdu. Dahi şəxsiyyət Azərbaycanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini dəqiqliklə müəyyən etmiş, geniş xalq kütlələrini səfərbərliyə almaqla mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıra bilmişdi. Bu dövrdən etibarən gənc kadrların bütün sahələr üzrə vəzifəyə irəli çəkilməsi ənənəsinin əsası qoyuldu. Azərbaycan xalqı fenomenal liderin rəhbərliyi altında milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qoruyub saxladı, dövlət müstəqilliyi üçün zəruri siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırıldı.
Toplantıda çıxış edənlər dahi şəxsiyyətin dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi, insan hüquq və azadlıqlarının qorunması, ədalətli cəmiyyətin formalaşdırılması, demokratik ənənələrin bərqərar olması naminə göstərdiyi misilsiz xidmətləri də minnətdarlıq hissi ilə xatırlatdılar. Dedilər ki, Ümummilli Liderin başlıca amalı Vətəninin və xalqının inkişafı, güclənməsi, müasirləşməsi idi. Müasir, müstəqil Azərbaycan məhz bu amalın, bu amal uğrunda mübarizənin təcəssümüdür.