AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRLİYİ FIRILDAQÇILARI İFŞA ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbirinin səfirlikdən aldığı məlumata görə, sənədlərin saxtlaşdırılması ilə bağlı dəfələrlə məlumat alan ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirliyin təhlükəsizlik xidmətinə bu işlə məşğul olan şəxsləri aşkar edərək, RF mühafizə orqanlarına təhvil verməyi tapşırmışdı.
Moskva daxili işlər orqanları görülən tədbirlər sayəsində iyulun 7-də Azərbaycan vətəndaşı Əlif Əbdülhəlim oğlu Abdullayevi həbsə almışlar. O, iyunun 30-da 8 min rubl müqabilində Anjela Valeh qızı Əsədovaya Azərbaycana qayıtmaq haqqında saxta şəhadətnamə vermişdir. Nəticədə A.Əsədova “Şeremetyevo” hava limanında balaca uşaqla saxlanılmış, Moskva-Bakı reysindən çıxarılmışdır.
Hazırda səfirliyin xahişi ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci (“saxta sənədlərin satılması”) və 159-cu (“fırıldaqçılıq”) maddələri ilə Ə.Abdullayev barəsində cinayət işi qaldırılmışdır.
Daha sonra aparılan operativ-axtarış tədbirləri sayəsində iyulun 8-də Rafael Bəxtiyar oğlu Əhmədov saxlanılmışdır. Onun mənzilində saxta sənədlər hazırlayan texnika, hazır arayış və şəhadətnamələr aşkar olunmuşdur.
Səfir Polad Bülbüloğlu AZƏRTAC-ın müxbirinə demişdir: “Biz vətəndaşlarımızın normal və sivil şərtlərlə zəruri sənədlər almaları üçün ciddi fəaliyyətə başlamışıq. Hazırda həm səfirlik daxilində, həm də onun ətrafında, habelə Sankt-Petrburqdakı konsulluğumuzda bu sahədə ciddi iş aparılır. Bu onunla bağlıdır ki, saxta sənədlər satan bir qrup adam yaxalanmışdır. Belə sənədlər nəticəsində vətəndaşlarımız çox çətin vəziyyətə düşürlər, onları Dağıstan sərhədində saxlayır və çox vaxt uşaqlı adamlar pulsuz-parasız, demək olar, küçədə qalırlar. Fürsətdən istifadə edib, Rusiyada yaşayan bütün Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm. Tanış olmayan adamlardan saxta sənədlər almağa və bu sənədlərlə Rusiya-Azərbaycan dövlət sərhədini keçməyə heç vaxt çalışmayın. Sənədləri yalnız rəsmi surətdə, səfirliyin konsulluğunda və ancaq növbə ilə almaq olar. Hər gün Azərbaycan konsulluğundan 120, bəzən isə 130 adam keçir. Bu, irihəcmli işdir. Biz gündə 9-10 saat və hətta şənbə günləri işləyirik. Xoşagəlməz vəziyyətlərə düşməmək üçün vətəndaşlarımızı kənar adamlara müraciət etməməyə çağırıram”.
Səfir onu da bildirmişdir ki, səfirlik öz sayıtını açmış, burada konsul səhifəsi yerləşdirmişdir. Səhifədə RF ərazisində yaşayan vətəndaşlarımıza bu və ya digər sənədi almaq üçün lazım olan arayışlar barədə informasiya var.
Səfirliyimizin saytının ünvanı belədir: www.azembassy.msk.ru