Azərbaycanın səhiyyə mütəxəssisləri Türkiyədə keçirilən təkmilləşdirmə proqramında iştirak edib
Bakı, 20 oktyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi layihələr - Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və USAID tərəfindən maliyyələşdirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” çərçivəsində ölkə xəstəxanalarının infeksiyaların profilaktikası və nəzarət (İPN) üzrə 19 məsul şəxsin və səhiyyə mütəxəssisinin Türkiyədə iştirak etdiyi təkmilləşdirmə proqramı yekunlaşıb.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, iştirakçılar Səhiyyə Nazirliyində İctimai Səhiyyə Baş İdarəsinin mütəxəssislərinin təqdimat sessiyaları vasitəsilə Türkiyənin İPN təcrübəsini yaxından öyrənmək fürsəti əldə edib. Azərbaycanlı mütəxəssislər Ankarada yerləşən müxtəlif tibb müəssisələrini ziyarət edərək xəstəxanaların İPN fəaliyyətlərini yerində öyrənmək imkanı qazanıb.
Proqramın son günündə iştirakçılar mikrob əleyhinə preparatlara davamlılıq və xəstəxanadaxili infeksiyalarla mübarizə, eyni zamanda, əl gigiyenası üzrə multimodal strategiya kimi müxtəlif mövzulara dair Türkiyə təcrübəsi ilə tanış olub. TƏBİB və Türkiyə Respublikasının Səhiyyə Nazirliyi arasındakı bu texniki əməkdaşlıq Azərbaycanın İPN mexanizminin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.