CƏMİYYƏT
Azərbaycanın səhiyyə naziri Türk Dünyası Tibb Konqresinin iclasında çıxış edib
![](/files/galleryphoto/2022/3/1200x630/16672067474693958845_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16672067471144219398_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16672067471465125528_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16672067474220050670_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16672067474689256557_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16672067474749432720_1200x630.jpeg)
İstanbul, 31 oktyabr, AZƏRTAC
İstanbulda Türk Dünyası Tibb Konqresi davam edir. “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusuna həsr olunan beynəlxalq tədbir çərçivəsində oktyabrın 31-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin iclası baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev konqresin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
Bildirilib ki, ilk dəfə təşkil olunan konqres ölkələr arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini, çoxşaxəli istiqamətdə inkişafını və təşkilatın dayanıqlı platforma kimi nüfuzunun artdığının göstəricisidir.
TDT çərçivəsində səhiyyə sektorundakı perspektiv imkanlardan danışarkən Teymur Musayev vurğulayıb ki, üzv və müşahidəçi ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək ehtiyatları, ixtisaslı işçi qüvvəsi, bazar həcmi, investisiya şərtləri nəzərə alınmalı mühüm amillərdir.
“TDT-ya üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin ilkin istiqamətləri kimi düşünülə bilir. Xüsusən COVID-19 pandemiyası hər bir ölkənin əczaçılıq məhsulları və tibbi avadanlıqlara olan tələbatını tam təmin etməsinin strateji məsələ olduğunu önə çıxardı. Bu baxımdan, təşkilat çərçivəsində birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk”, - deyə Teymur Musayev qeyd edib.
Öz çıxışlarında Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri Ajar Giniyat, Qırğızıstanın səhiyyə naziri Gülnara Baatırova və Özbəkistanın səhiyyə naziri Bexzod Musayev beynəlxalq tədbirin tərəfdaşlar arasında səhiyyə sahəsindəki əməkdaşlığın inkişafına, həmrəyliyin təşviqinə və möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini, həmçinin konqresin, iştirakçıların səhiyyə sahəsindəki bilik və təcrübələrini qarşılıqlı olaraq bölüşmələri üçün əvəzsiz fürsət yaradacağını vurğulayıblar.
Görüşdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sahəsində əməkdaşlıq, onların dərman, peyvənd tələbatlarının alternativ qarşılanması mexanizmin hazırlanması, birgə layihələr və istehsal imkanlarının öyrənilməsi, təcrübə mübadiləsi və səhiyyə kadrlarının hazırlanması ilə bağlı fəaliyyətlər, TDT-nin üzv dövlətlərində "Birgə sağlamlıq həftəsi"nin, növbəti konqresdə isə birgə səhiyyə biznes forumu və səhiyyə sərgisinin təşkili kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, səhiyyə nazirlərinin toplantısında növbəti konqresin keçiriləcəyi ölkə müəyyənləşib. Qərara əsasən, növbəti Türk Dünyası Tibb Konqresi Özbəkistanda keçiriləcək.
Sonda Türk Dünyası Tibb Konqresinin yekun sənədi - Birgə Bəyannamə qəbul edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul