“AZƏRBAYCANIN SİMASI” BUDAPEŞTDƏ
Etnoqrafiya muzeyi ənənəvi olaraq belə tədbirlər keçirir və bir günü müəyyən ölkəyə həsr etməklə. Dekabrın 2-i Azərbaycana həsr edilmişdi. Bakıdan məxsusi olaraq tədbirdə iştirak etmək üçün Azərbaycan muğam ifaçıları – Sevinc Sarıyeva, Malik Mansurov və Elşən Mansurov gəlmişdilər.
Görüşü muzeyin direktoru Feeş Zoltan açmışdır. O, tədbirin təşkil olunmasına köməyə görə ölkəmizin diplomatik nümayəndəliyinə təşəkkürünü bildirmiş və demişdir ki, macarlar üçün Azərbaycanın nadir və zəngin musiqi mədəniyyəti ilə tanış olmaq maraqlıdır.
Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov bildirmişdir ki, Azərbaycan və macar xalqlarının vahid tarixi kökləri əsrlərin sınağından çıxaraq dostluq əlaqələrinə çevrilmişdir. O, Azərbaycanın qədim və çoxşaxəli mədəniyyətindən danışaraq demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət məsələlərinə böyük diqqət yetirir, mədəniyyət işçilərinə daim dəstək olur.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəni siyasət şöbəsinin müdiri Fikrət Babayev bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulamışdır.
Nümayəndə heyətimizin üzvləri özləri ilə gətirdikləri çoxlu qədim milli musiqi alətlərindən ibarət sərgi təşkil etmişlər. Musiqi mədəniyyətimizlə tanışlıq sənətşünas Kristina Palotsin çıxışları, fotosərgi ilə müşayiət olunmuşdur.
Muzeyin əməkdaşı Edina Feldeşi konsertdən sonra təəssüratını bölüşərək demişdir: “Mən Azərbaycan milli musiqisini ilk dəfə dinləyirdim. O, məni öz axıcılığı və gözəlliyi ilə heyran etmişdir. Ustad ifaçılarınızın çıxışlarına isə valeh oldum”.
Günün proqramına kəlağayı sərgisi, “O olmasın, bu olsun” filminin macar dilində nümayişi də daxil idi. Uşaqlar da yaddan çıxmamışdı. Onlara üstündə milli musiqi alətlərimizin şəkilləri olan albomlar hədiyyə olunmuşdur.
İştirakçılara səfirliyin məxsusi bu tədbir münasibətilə hazırladığı Azərbaycan milli musiqi alətlərinin əks olunduğu, habelə muğam və ölkəmizdə simfonik musiqinin tarixi barədə məlumatlar olan macar dilində nəfis kitabça paylanmışdır.