AZƏRBAYCANIN TANINMIŞ YAZIÇISI ƏLİBALA HACIZADƏ İRANDA BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, builki konfransda münsiflər heyəti görkəmli ədəbi simalar arasında Azərbaycanın tanınmış yazıçısı, şərqşünas alim Əlibala Hacızadəni də mükafata layiq görmüşdür.
Mükafatın onun üçün böyük əhəmiyyətə malik olduğunu söyləyən Əlibala Hacızadə demişdir: Yaradıcılığıma verilən böyük qiymət üçün konfransın təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm. Mən bu mükafatı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən qiymət hesab edirəm.
Beynəlxalq konfransın işinin mətbuatda, radio və televiziyada geniş işıqlandırıldığını qeyd edən yazıçı, qonşu ölkədə olarkən keçirdiyi görüşlərdən, Məşhəd şəhərində Firdovsinin məqbərəsini ziyarət edərkən aldığı təəssüratlardan da danışmışdır. Ə.Hacızadə İranın Televiziya və Radio Verilişləri Şirkətinin onun haqqında sənədli film çəkdiyini və hazırda montaj işlərinin getdiyini diqqətə çatdırmış, “Seçilmiş əsərləri”nin 10 cildliyini tədbirin təşkilatçılarına hədiyyə etdiyini bildirmişdir.
Qeyd edək ki, tanınmış yazıçımıza verilmiş mükafat üzərində “Əbədiyaşar sima” sözləri yazılmış emblemdən, xalça, müvafiq diplom və İmam Xomeyninin əksi olan üç qızıl sikkədən ibarətdir.