AZƏRBAYCANIN VƏ İRANIN SƏRHƏD MÜHAFİZƏSİ QURUMLARI ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, mayın 5-dən 7-dək İranın Nizam-İntizam Qüvvələri Sərhəd Polisinin rəisi, general-mayor Qasım Rezayinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyevin dəvəti ilə ölkəmizdə səfərdə olmuşdur.
Nümayəndə heyəti səfər çərçivəsində Fəxri xiyabanda türk dünyasının görkəmli oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Qonaqlar DSX-nin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi və Sərhəd mühafizəsinin tarixi muzeyi ilə də tanış olmuşlar.
Keçirilmiş görüşlərdə ikitərəfli əməkdaşlığın vəziyyəti, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə, Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədində vəziyyət, Azərbaycan və İran sərhədçilərinin əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılmış, digər məsələlər nəzərdən keçirilmişdir.
Müzakirələrdə ikitərəfli münasibətlərin inkişaf səviyyəsi yüksək qiymətləndirilmişdir. Həmçinin dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində razılaşdırılmış tədbirlərin həyata keçirilməsi, Xəzər dənizində xilasetmə əməliyyatlarının aparılması, qaçaqmalçılığa və qanunsuz balıq ovuna qarşı mübarizə, dənizin çirklənməsinin qarşısının alınmasına dair əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkə arasında sərhəd çaylarının öz məcrasına qaytarılması, sahilbərkitmə işlərinin görülməsi, sərhəd nişanlarının qorunması, təmir edilməsi, bərpası və digər məsələlər üzrə razılıq əldə olunmuşdur.
Azərbaycan Dövlət Sərhəd Xidməti ilə İranın Nizam-İntizam Qüvvələri Sərhəd Polisi arasında səfərin nəticələrinə dair protokol imzalanmışdır.
Sonda Elçin Quliyev və Qasım Rezayi jurnalistlərə müsahibə vermişlər. Qasım Rezayi bildirmişdir ki, səfər qarşılıqlı anlaşma şəraitində keçmişdir. Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyini vurğulayan qonaq, bu səfərinin ölkələrimizin sərhəd mühafizəsi sahəsində əməkdaşlığına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycanda sərhəd mühafizəsinin inkişafına ölkəmizin başçısı, Prezident İlham Əliyevin böyük diqqət və qayğısının şahidi olduğunu deyən Qasım Rezayi bildirmişdir ki, bəzi məsələlərdə azərbaycanlı həmkarlarımızdan nümunə götürə biləcəyimiz bir çox şeylər vardır. Bunlar bu gün əldə etdiyimiz, ikitərəfli münasibətlərimizə yeni təkan verəcək razılaşmalarda da əksini tapmışdır.
Azərbaycan sərhəd mühafizəsinin beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini deyən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev vurğulamışdır ki, İranın sərhəd mühafizəsi ilə də əlaqələr yüksək səviyyədə qurulur. Sərhədlərimizin daha mükəmməl mühafizə olunması təkcə Azərbaycanın yox, eləcə də regionun bütün dövlətlərinin xeyrinədir. Ona görə də biz əməkdaşlığımızı genişləndirir, inkişaf etdirir və qarşılıqlı təcrübə mübadiləsindən yararlanırıq.
Elçin Quliyev bildirmişdir ki, bugünkü görüş əməkdaşlığımıza xüsusi zəmin yaratmışdır. Bundan sonra davam edəcək görüşlər də sərhəd xidmətləri arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.