AZƏRBAYCANIN VƏ MACARISTANIN XÜSUSİ XİDMƏT ORQANLARI ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Nazirliyin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yüksək səviyyədə keçirilmiş səfər proqramı çərçivəsində milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov yanvarın 30-da Budapeşt şəhərinin Qəhrəmanlar meydanında Macarıstanın görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış memorial abidəni ziyarət etmiş, önünə əklil qoymuşdur.
Elə həmin gün Macarıstan Milli Təhlükəsizlik İdarəsinin baş direktoru general-mayor Layoş Qalanboş nazir Eldar Mahmudov ilə görüşmüşdür. Qonağı səmimiyyətlə qarşılayan baş direktor Layoş Qalanboş general-leytenant Eldar Mahmudovun bu səfərinin təhlükəsizlik sahəsində Azərbaycan ilə Macarıstan arasında münasibətlərin daha da inkişaf etməsində böyük önəm daşıdığını söyləmişdir. O, həmçinin nazir Eldar Mahmudovun dəvəti ilə ötən ilin oktyabr ayında Azərbaycana etdiyi işgüzar səfəri daim böyük məmnunluq hissi ilə xatırladığını, ölkəmizin yüksək vəzifəli şəxsləri ilə, xüsusən də dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşdən, habelə burada tarixi mədəni abidələrlə tanışlıqdan aldığı dərin təəssüratları diqqətə çatdırmışdır.
Görüşdə general-mayor Layoş Qalanboş rəhbərlik etdiyi qurumun fəaliyyəti, milli təhlükəsizlik və beynəlxalq əməkdaşlıq sahəsində qarşıda duran vəzifələr və görülmüş işlər barədə qonağa geniş məlumat vermişdir.
Səmimi və mehriban qarşılandığına, yüksək qonaqpərvərliyə, ətraflı və dolğun məlumata görə təşəkkürünü bildirən milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov ölkəmizdə aparılan demokratik islahatlar, təhlükəsizliyinin təmin olunması, beynəlxalq terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə mübarizə sahəsində görülmüş işlər, eləcə də regionda gedən proseslər, reallıqlar, yeni yanaşmalar barədə söhbət açmış, Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə bundan sonra da fəal mövqedə duracağını qeyd etmişdir. Nazir Eldar Mahmudov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar barədə məlumat vermiş, təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, nəzarət olunmayan həmin ərazilərdən gələn təhlükələrin nəinki Cənubi Qafqaz, habelə bütün Avropa üçün də ciddi təhdid doğurduğunu vurğulamış, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin vacibliyini bildirmişdir.
Səfər proqramı çərçivəsində nazir Eldar Mahmudov Macarıstanın bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən digər xüsusi xidmət orqanlarının rəhbərləri ilə də işgüzar görüşlər keçirmiş, maraq doğuran bir çox məsələləri müzakirə etmişdir.
Keçirilən bütün görüşlərdə ölkələrimiz arasında hərtərəfli münasibətlərin genişlənməsindən və möhkəmlənməsindən, eləcə də Azərbaycan ilə Macarıstanın xüsusi xidmət orqanlarının əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından dərin razılıq hissi bildirilmiş, perspektiv planlar barədə söhbətlər aparılmışdır.