Azərbaycanın XIX əsrə aid zərgərlik sənəti nümunələri təqdim olunacaq
Bakı, 27 dekabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında qızıl və gümüş nümunələrinin yer aldığı “Azərbaycan zərgərlik sənəti XIX əsrdə” adlı vitrin təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Yerli zərgərlərin ustalığından, onların texniki cəhətdən yüksək inkişaf səviyyəsindən xəbər verən bu nadir zinət əşyaları şəbəkə, döymə, tökmə, çaxma və s. kimi müxtəlif zərgərlik üslubunda hazırlanıb. Muzeyin milli kolleksiyasında öz forma müxtəlifliyi, detalların rəngarəngliyi və kompozisiya mürəkkəbliyi ilə seçilən çoxsaylı belə nümunələr qorunub saxlanılır. Bu dəyərli eksponatlar xalqımızın zəngin və qədim adət-ənənələrini özündə əks etdirir.