AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Yəhudi xalqının qədim milli bayramlarından olan Roş-Ha-Şana – Yeni il bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm.
Məmnunluq hissi ilə qeyd edirəm ki, bu gün Azərbaycanda milli-etnik və dini tolerantlıq mühiti hakimdir. Ölkəmiz bu cəhətdən bir çox dövlətlər üçün nümunə ola bilər. Bu bizim tarixi nailiyyətimiz olmaqla xalqımızın mütərəqqi ənənələri, zəngin milli-mənəvi dəyərləri, humanizmi ilə bağlıdır. Azərbaycanın yəhudi icmasına dövlətimizin, xalqımızın və vətəndaşların səmimi dostluq və qayğıkeş münasibəti bunun əyani sübutudur. Müstəqil Azərbaycan dövləti mütərəqqi tarixi ənənələrinə və müasir beynəlxalq normalara uyğun olaraq milli azlıqların, o cümlədən yəhudi icmasının sosial-iqtisadi və mədəni ehtiyaclarına daim diqqət və qayğı göstərmiş və bu siyasəti bundan sonra da davam etdirəcəkdir.
Əsrlər boyu Azərbaycanda məskunlaşıb yaşayan yəhudu icması xalqımızın və cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir. Yəhudi vətəndaşlarımız həmişə Azərbaycan xalqının yanında olmuş, onun sevincini də, kədərini də bölüşmüşlər. Yəhudi icmasının təmsilçiləri ölkəmizin tamhüquqlu vətəndaşları kimi iqtisadi, sosial-mədəni və ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına layiqli kömək göstərirlər.
Yeniləşmə və mənəvi saflıq bayramı olan Roş-Ha-Şana hər il Azərbaycanda yəhudi icması tərəfindən təntənə ilə qeyd olunur. Bu əziz gün münasibətilə sizi bir daha səmimi qəlbdən təbrik edir, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 sentyabr 2006-cı il.