AZƏRBAYCANLA SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA MƏDƏNİYYƏT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ FAYDALIDIR
AZƏRTAC xəbər verir ki, iyunun 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının respublikamızda keçirilən mədəniyyət günləri ilə əlaqədar səfərdə olan bu ölkənin mədəniyyət və informasiya naziri İyad ibn Əmin əl-Mədən və onu müşayiət edən şəxslərlə görüşmüşdür.
Nazir qonaqları salamlayaraq demişdir ki, dövlət rəhbərimizin dostluq münasibətləri ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsində böyük rol oynayır. Prezident İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərindən sonra ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ başlanmışdır.
Ötən il dost ölkədə Azərbaycan Mədəniyyəti günlərinin böyük maraqla qarşılandığını vurğulayan Ə.Qarayev əmin olduğunu bildirmişdir ki, iyunun 17-dən 20-dək respublikamızda davam edəcək Səudiyyə Ərəbistanı Krallığının mədəniyyəti günləri də uğurla keçəcəkdir. Çünki xalqlarımız oxşar kökləri olan mədəniyyətə, adət-ənənələrə, eyni dinə malikdir.
Ə.Qarayev mədəniyyət günləri çərçivəsində həmkarı ilə bir sıra layihələrin həyata keçirilməsi barədə razılıq sənədi imzalayacaqlarına əminliyini bildirərək vuğulamışdır ki, layihələrdə Səudiyyə Ərəbistanında ərəb dilində Azərbaycanın dörd yazıçısının əsərlərinin nəşri, həmin ölkənin telekanallarında bizim bədii və sənədli filmlərin nümayişi, folklor sahəsində kadr mübadiləsi və sair nəzərdə tutulur. Nazir diqqətə çatdırmışdır ki, qonaqlar səfər müddətində mənsub olduqları xalqın incəsənətini, karikatura və rəsm əsərlərini təqdim edəcək, eyni zamanda, ölkəmizin görməli yerləri ilə, qədim mədəniyyətimizlə tanış olmaq imkanı qazanacaqlar.
Ölkəmizdə ikinci dəfə olduğunu vurğulayan İyad ibn Əmin əl-Mədən qonaqpərvərliklə qarşılandıqları üçün minnətdarlıq etmiş, Bakıda tikintinin geniş vüsət almasından, mədəniyyət müəssisələrində aparılan əsaslı təmir və bərpa işlərinə heyran qaldığını diqqətə çatdırmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən ölkəmizdə mədəniyyətin inkişaf etdirilməsi ilə əlaqədar dövlət başçısının bu sahəyə diqqət və qayğısından məmnunluğunu bildirmişdir.
Səudiyyə Ərəbistanının naziri vurğulamışdır ki, ölkələrimizi bir çox oxşar cəhətlər birləşdirdiyindən ardıcıl təcrübə mübadiləsi aparmaq faydalıdır.
Görüşdə mədəniyyət sahəsində gələcək əməkdaşlığın inkişaf yolları barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.