AZƏRBAYCANLI ALİM LEYŞMANİYA XƏSTƏLİYİNİN DİAQNOSTİKASI SAHƏSİNDƏ KƏŞF ETMİŞDİR
Professor Adil Allahverdiyev 1974-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildə isə klinik ordinaturanı bitirmişdir. 1978-1990-cı illərdə Moskvada Seçenov adına Tibb Elmləri Akademiyasının Tibbi Parazitoloji və Tropik Təbabət İnstitutunda elmi fəaliyyətini davam etdirmiş, 1981-ci ildə tibb elmləri namizədi, 1989-cu ildə isə tibb elmləri doktoru elmi dərəcələrini almışdır. 1990-cı ildə Azərbaycana qayıdaraq Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləmişdir. 1992-ci ilin sonundan Türkiyənin tanınmış ali məktəblərindən biri olan Çukurova Universitetində çalışır. Bir necə ixtiranın və kitabın, beynəlxalq jurnallarda dərc olunmuş 100-dən artıq elmi məqalənin müəllifidir. ABŞ ,Türkiyə, Rusiya və başqa ölkələrin elmi çəmiyyətlərinin, o cümlədən Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür. Ana dili ilə bərabər, ingilis, türk və rus dillərində sərbəst danışır.
Adil Allahverdiyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, leyşmaniya xəstəliyi Dünya Səhiyyə Təşkilatının tropikal xəstəliklər üzrə tədqiqatlar bölməsində 6 ciddi xəstəlikdən biri olub malyariyadan sonra ikinci yeri tutur. Bu xəstəlik dünyanın hər yerində, xüsusən tropikal və subtropikal sahələrdə geniş şəkildə yayılmışdır. Azərbaycanın müxtəlif bölgələrində müşahidə edilir. Xəstəliyin törədiciləri leyşmaniya cinsinə aid olan parazitlərdir. Phlebatomus, yəni mığmığalar leyşmaniyalı xəstə insan və heyvanların (sahibsiz itlər, tülkü, siçanlar və s.) qanını sorarkən bu parazitlərlə yoluxur, daha sonra isə sağlam insanları yoluxdurur.
Mənim təklif etdiyim üsul dünyada mövcud olan üsullardan fərqli olaraq xəstəliyi bir neçə ay ərzində yox, qısa müddətdə müəyyənləşdirməyə imkan verir.
İki bölmədən ibarət bu mühüm kəşfin birinci hissəsi leyşmaniya xəstəliyinin dəri formasına, ikincisi isə insan ölümünə səbəb olan Kala-azar və ya Visseral leyşmaniya tipinə aiddir. Kəşf təbabətə dair beynəlxalq Barselona, Roma, İzmir-Kuş adası, İstanbul, Palermo-Terrasini konfrans, simpozim və konqreslərində görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Hazırda bu üsul ABŞ, Çin, İspanya, İsveç, Yunanıstan, İndoneziya və başqa ölkələrin laboratoriyalarında müvəffəqiyyətlə tətbiq edilir. Bununla bərabər, müxtəlif ölkələrdən leyşmaniya xəstəliyinin tədqiqi ilə məşğul olan alimlər yeni diaqnostika üsulunu öyrənmək məqsədi ilə Çukurova Universitetinə gəlirlər.
Hazırda dünyada 12 milyon leyşmaniyalı xəstə vardır. Hər il 1,5-2 milyon nəfər bu xəstəliyə yoluxur. AIDS-li xəstələrdə immunçatışmazlığı olduğundan leyşmaniyanın törədiciləri daha sürətlə inkişaf edir. Xəstəliyin dəri və visseral (daxili orqanlara aid) formaları vardır. Xəstəlik uzunmüddətli hərarət, dalağın və qaraciyərin böyüməsi, çəkinin azalması, anemiyanın inkişafı və hiperqammaqlobulinemiya ilə müşayiət olunur. Bəzən müxtəlif mikroblar xəstəliyi fəsadlaşdırır. Xəstəliyin bu forması xüsusilə uşaqlar arasında ölümə səbəb olur.