ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Pakistanda keçirilən beynəlxalq konfransda məruzə edib
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası və Pakistan Dövlət Kollec Universiteti arasında 2022-ci ildə imzalanmış memorandum əsasında Pakistana səfər etmiş Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə ənənəvi beynəlxalq İqbal Günlərində iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, o, həmçinin bu çərçivədə Pəncab Universitetinin, Pəncab Ali Təhsil Komissiyasının, Lahor Universitetinin, Lahor Ev İqtisadiyyatı Universitetinin, Lahor Kollec Qadın Universitetinin təşkilatçılığı ilə keçirilən “Əllamə İqbal ideologiyası: sülh və inkişaf” adlı beynəlxalq konfransa qatılıb.
Könül Bünyadzadə konfransın açılış və bağlanış sessiyalarında iştirak edib. O, tədbirdə “Məhəmməd İqbal ideologiyası Azərbaycanda” mövzusunda məruzə ilə çıxış edib. Alim İqbalın hələ sovet dönəmindən tanınsa da, Azərbaycanda müstəqillik dövründə xüsusi populyarlıq qazandığını qeyd edib. Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərin Məhəmməd İqbal ideologiyasında geniş əks olunduğunu vurğulayan məruzəçi düşüncələr arasındakı paralellər haqqında təhlillərini iştirakçılarla bölüşüb.
K.Bünyadzadə, həmçinin “Dəbestane-İqbal”ın (İqbal kitabxanası) qonağı olub.