AZƏRBAYCANLI HƏKİM İLK DƏFƏ MÜSTƏQİL OLARAQ KORONAR ŞUNTLAMA ƏMƏLİYYATI APARMIŞDIR
1996-cı ildə İstanbul Universitetinin tibb fakültəsini bitirmiş Kamran Kazımoğlu Musayev bu ilin əvvəlinədək həmin təhsil ocağının Cərrahpaşa tibb fakültəsinin və Florence Hıytınqale xəstəxanasının ürək-damar cərrahiyyəsi kafedralarında işləmişdir. Bir ilə yaxındır ki, Mərkəzi klinik xəstəxanada stasionar xidmətlər şöbəsinin müdiridir.
Kamran Musayev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, xəstəxana 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yenidən qurulub istifadəyə veriləndən bəri burada dünya standartları səviyyəsində 400-dək ürək cərrahiyyəsi əməliyyatı, o cümlədən 200-ə qədər koronar şuntlama əməliyyatı aparılmışdır. Bu əməliyyatların hamısında türkiyəli həmkarlarımız iştirak etmişlər. Noyabrın 27-də isə ilk dəfə olaraq onlarsız, özü də sinə damarından istifadə etməklə koronar şuntlama əməliyyatı apardıq. Risk etdiyimi bilirdim. Məsələ burasındadır ki, xəstənin hipotreoz mərəzi də var idi. O, əməliyyat zamanı, yaxud da reanimasiyada koma vəziyyətinə düşüb həyatla vidalaşa bilərdi. Tibbi ədəbiyyatda verilən məlumata görə, həkimlər son 20 il ərzində dünyada təqribən 150 belə xəstənin ürəyində koronar şuntlama əməliyyatı aparmağa cəsarət etmişlər.
Xəstə - Samux rayonundakı Qırmızı Samux kəndinin 62 yaşlı sakini, uzun illər mühasib işləmiş Kamandar Qafarov üç dəfə - 1990-cı, 1996-cı illərdə və bu ilin yanvarında infarkt keçirmişdir. O, əməliyyatın ertəsi günu sərbəst hərəkət etməyə başlamışdır. Müxbirimiz Kamandar kişi ilə palatada ailə üzvlərinin əhatəsində nahar edərkən söhbətləşmişdir. “Özümü əla hiss edirəm. Bu xəstəxananın təcili yardım maşınlarının üzərində yazılmış “Dərdinizin çarəsi” həqiqət imiş. Səhiyyə naziri, akademik Əli İnsanovun səyi ilə beynəlxalq standartlar səviyyəsində tibbi xidmət göstərməyi qarşısına məqsəd qoyan xəstəxananın kollektivinə təşəkkür edirəm”,- deyə Kamandar Qafarov bildirmişdir.