AZƏRBAYCANLI HƏKİM VƏ TİBB BACILARI SƏUDİYYƏ ƏRƏBİSTANINDA ƏHALİNİN HÖRMƏT VƏ MƏHƏBBƏTİNİ QAZANMIŞLAR
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a daxil olmuş xəbərdə bildirilir ki, səfir Elman Araslı bu ölkənin yeni təyin olunmuş səhiyyə naziri Həməd bin Abdulla əl-Mane ilə görüşüb, ölkələrimiz arasındakı əməkdaşlıq barədə söhbət etmişdir. Səfir nazirin diqqətini hazırda Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Səudiyyə Ərəbistanında işləmək üçün 800 həkim və tibb bacısının seçilməsinə cəlb edərək bildirmişdir ki, Azərbaycan tərəfi onların peşəkarlıq səviyyəsini yoxlamaqdan ötrü bu ölkədən ixtisaslaşdırılmış komissiyanın göndərilməsini gözləyir. E. Araslı ötən il həmin komissiyadan keçən 26 azərbaycanlı həkimin bu ölkəyə dəvət olunmasının sürətləndirilməsini nazirdən xahiş etmişdir. Nazir Həməd bin Abdulla əl-Mane söhbət zamanı Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında tibb sahəsində yaranmış əməkdaşlığı yüksək qiymətləndirmiş və demişdir ki, azərbaycanlı həkim və tibb bacıları özlərinin peşəkarlığı və xəstələrlə səmimi rəftarı sayəsində Səudiyyə Ərəbistanında əhalinin hörmət və məhəbbətini qazanmışlar. Onlar ölkədə işlədikləri müddətdə dərin bilik və zəngin təcrübəyə malik olduqlarını sübut etmişlər. Məhz buna görə də, Səudiyyə Ərəbistanı Azərbaycanın tibb mütəxəssislərinin xidmətindən gələcəkdə də geniş istifadə edəcəkdir. O, səfirin qaldırdığı məsələlərin müsbət həll olunacağını da bildirmişdir.