Azərbaycanlı Kanadanın buz meydançalarında
Bakı, 14 noyabr (AZƏRTAC). Azərbaycanın səsi dünyanın hər yerindən gəlir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı və qurucusu olduğu Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatlarda və tədbirlərdə uğurla təmsil olunduğu kimi, həm də bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Artıq bütün sahələrdə dinamik inkişaf yolunu tutmuş Azərbaycan regionda söz sahibidir.
İndi Azərbaycan dünyanın hər yanından görünür. Azərbaycanlının dünyanın ən mötəbər kürsülərində çıxışı, eləcə də beynəlxalq idman yarışlarında qələbəsi adi haldır. Lakin azərbaycanlının buzüstü hokkey oyununda uğurları bir qədər təəccüb doğurur.
Bəli, bu gün azərbaycanlı idmançının izi Kanadanın buz meydançalarında görünür. Bunu deməyə isə həmyerlimiz, 14 yaşlı Elman Hüseynovun hokkey oyununun ən çox inkişaf etdiyi Kanadada qazandığı uğurlar əsas verir.
Elman Hüseynov Bakıda doğulmuşdur. 5 yaşından Moskvada hokkeylə məşğul olmuşdur. Son 4 ildə isə Kanadanın Toronto şəhərində yaşayır. Burada təhsil alır və buz meydançalarında hokkey oynayır.
Yaşının az olmasına baxmayaraq, o, Silver Stik mükafatçısıdır. 2012/2013-cü il mövsümündə 25 şayba vuraraq 42 məhsuldar ötürmə ilə Toronto liqasının ən sərrast hokkeyçisi, Şərqi Toronto çempionu və Böyük Torontonun gümüş mükafatçısı olmuşdur. Bu il Elmanın aktivinə daha bir mükafat - adlı qızıl çempion üzüyü əlavə olunmuşdur. Üzüyü ona Toronto Hokkey Federasiyası təqdim etmişdir.
Hələ çox gənc olmasına baxmayaraq, Kanadanın, Rusiyanın güclü komandaları Elmanla maraqlanırlar. Lakin Elmanın ən böyük arzusu Azərbaycanın milli hokkey formasını geyinməkdir.
Вu il Elman Hüseynovun çıxış etdiyi “Toronto Royals” komandası 5-0 hesabı ilə “Devid Diavols” komandasını səkkizdəbir finalda böyük üstünlüklə udmuşdur. E.Hüseynov iki şayba vuraraq bir məhsuldar ötürmə ilə bu oyunun ən yaxşısı seçilmişdir.
Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilsə də ölkəmizdə buzüstü xokkeyin inkişafından danışmaq hələ çətindir. Ən azı ona görə ki, bu idman növünün inkişaf etdirilməsinə ölkəmizin mülayim iqlim şəraiti imkan vermir. Ancaq bədbinliyə qapılmağa elə bir əsas yoxdur. Bütün sahələrdə öz istedadları ilə tanınan Azərbaycanın idmanın bu sahəsində də yeri görünür.
Qürurla demək olar ki, Elman Hüseynov bizimkilərin də buzüstü xokkeydə nəyə qadir olduqlarını sübut etdi. Düz deyirlər ki, istedad hər yerdə özünü göstərə bilir. Şübhə etmirik ki, yaxın gələcəkdə ölkəmizdə xüsusi meydançalar yaradılacaq və Azərbaycan hokkeyi, digər idman növləri kimi, öz inkişafını tapacaqdır.