Azərbaycanlı professorun iştirakı ilə Özbəkistanda tibb sahəsi üzrə tədbir keçirilib
Daşkənd, 14 noyabr, AZƏRTAC
Daşkənddə Özbəkistan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Assosiasiyasının beşinci qurultayı və Avrasiya Təcili və Təxirəsalınmaz Tibb Birliyinin birinci konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultay və konqresdə dünyanın 22 ölkəsindən gələn alim və mütəxəssislər 160-dan çox məruzə ediblər.
Ölkəmizdən tədbirlərə akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Azərbaycan-Almaniya Tibb Cəmiyyətinin sədri professor Qurbanxan Müslümov qatılıb.
Tədbirlərdə iştirakçı ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardım sahəsinin indiki vəziyyəti və perspektivləri, ən müasir tibbi texnologiyalardan istifadə, bu sahədə tibb kadrlarının hazırlanması və digər məsələlər müzakirə olunub.
Konqresdə professor “Mədəaltı vəzi üzərində laporoskopik əməliyyatların nəticələri” mövzusunda məruzə edib.
Alim məruzəsində cərrahiyyədə istifadə olunan yeni texnologiyalar haqqında məlumat verib.
Q.Müslümov açıqlamasında bildirib ki, son bir neçə il əvvələ qədər mədəaltı vəzi üzərində əməliyyat ənənəvi, yəni açıq yolla olunurdu. İndi isə belə əməliyyatlar bağlı yolla aparılır: “Artıq belə əməliyyatlar Azərbaycanda da keçirilir. Konqres çərçivəsində, həmçinin Daşkəndin özəl bir klinikasında 3 gün ərzində 3 əməliyyat etdim, bu sahənin həkimlərinə ustad dərsləri keçdim. Əməliyyatın gedişi həm klinikanın monitorunda, həm də konqres keçirilən salonda göstərilib.
Orta Asiya ölkələrində Avrasiya Minimal İnvaziv Cərrahlar Cəmiyyəti yaratmışıq. Almaniya, Azərbaycan, Türkiyə, İsveçrə və digər ölkələrin mütəxəssisləri vaxtaşırı burada tibbin inkişafı ilə bağlı mühazirələr oxuyurlar”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd