“AZERCELL” YENİ “10 İL KAMPANİYASI”NA BAŞLADI
Bu münasibətlə “Excelsior” mehmanxanasında keçirilmiş təqdimat mərasimində şirkətin nümayəndəsi Fuad Musayev kampaniyada üzərində “10 il kampaniyası” loqosu təsvir olunmuş, ümumi sayı 20 milyon 552 min ədəd 20, 40, 100 və 200 manatlıq xüsusi ödəmə kartının və 2, 10, 20 və 40 manatlıq xüsusi SimSim danışıq kartlarının iştirakının nəzərdə tutulduğunu bildirmişdir.
Kampaniyada həm Azercell fakturalı xətt, həm də “SimSim”, “GəncSim” və “Bizdən bizə” abonentlərinin iştirak edəcəyini söyləyən natiqin sözlərinə görə, balansını artırmaq üçün “10 il kampaniyası” danışıq kartını alan hər bir abonent avtomatik olaraq oyunun iştirakçısına çevriləcəkdir. Üç ay müddətinə (iyunun 15-dən sentyabrın 15-dək) nəzərdə tutulmuş kampaniya zamanı 443 min 766 abonent 1 milyon 881 min 260 manat dəyərində kontur və danışıq vaxtı qazanacaq, ən başlıcası isə, xoşbəxt 10 abonent Bakının Nərimanov rayonunda, ümumi sahəsi 85 kvadratmetr olan 2 otaqlı mənzil udacaqdır. Bunun üçün, sadəcə olaraq kartların üzərində yerləşdirilmiş hədiyyə pəncərələrini pozmaq lazımdır. Əsas hədiyyəni - mənzili udmaq üçün 5 kartın hədiyyə pəncərəsində “Azercell”, “SimSim”, “GəncSim”, “Bizdən bizə” və “10 il” yazılarını tapmaq və 2007-ci il fevralın 15-dək BM-in Tbilisi prospekti, 61A ünvanında yerləşən baş ofisinə təqdim etmək lazımdır.
Qeyd edək ki, kampaniya ani lotereya kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir.