“Azercell”in fakturasız xətt abunəçiləri də “Asan İmza” xidmətindən istifadə edə biləcək
Bakı, 18 aprel, AZƏRTAC
“Azercell Telekom” şirkətinin fakturasız xətt (Sim-Sim) abunəçiləri artıq öz nömrələrində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə bilər. Bununla da həmin abunəçilər elektron xidmətlərin istifadəsində və sənədləri elektron şəkildə imzalamaq məqsədilə “Asan imza” xidmətinin təqdim etdiyi imkanlardan yararlana biləcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu yeniliyin tətbiqi fakturasız xətt abunəçilərinin rahatlığına xidmət edəcək. Belə ki, əvvəllər “Asan İmza”dan istifadə etmək üçün fakturasız xətt abunəçiləri mütləq qaydada fakturalı xətt nömrəsi əldə etmək və ya mövcud nömrəsini fakturalı xəttə keçirmək məcburiyyətində idilər, bu da “Asan İmza” xidmətinin istifadəçilər üçün əlçatan olmasında müəyyən çətinliklər yaradırdı. Artıq hər bir “Azercell” abunəçisi heç bir məhdudiyyət olmadan öz mobil nömrəsində “Asan İmza” mobil elektron imza xidmətini aktivləşdirə və bununla da ölkədə mövcud olan 500-dən artıq dövlət və özəl elektron xidmətlərindən asanlıqla istifadə edə bilər.
Ətraflı məlumatı www.asanimza.az və www.asxm.gov.az saytlarından əldə etmək olar.