İQTİSADİYYAT
“Azercell”in mobil kitabxanasında 500 mindən artıq kitaba çıxış təmin olunub
Bakı, 1 aprel, AZƏRTAC
“Azercell Telekom” MMC-nin ötən ilin noyabr ayında mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” əlavəsinin yüklənmə sayı 27 mindən çox, xidmətdən mütəmadi olaraq faydalanan istifadəçilərin sayı isə 6 min nəfəri keçib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bu xidmət telefonda, planşetdə və kompyuterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. “Azercell”in təqdim etdiyi mobil kitabxanada 500 mindən artıq kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində “Azercell” abunəçiləri klassik, müasir və elmi-bədii, biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər.
Danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Burada oxucular xarici ədəbiyyatla, Azərbaycan müəlliflərinin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin ən mühüm üstünlüklərindən biri “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki, yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin əlinizin altında olan cihazın - telefon, planşet və ya kompyuter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.
“Bookmate” daxilində abunəçilərə ilk dəfə olaraq Azərbaycan, eləcə də, rus, ingilis və türk dillərindəki kitablar təqdim edilir. Yarım milyonluq kitabxanada ən çox satılan, ən çox oxunan, məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür.
Qeyd edək ki, “Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər.
Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.