İQTİSADİYYAT
“AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİ TƏRƏFİNDƏN YENİDƏNQURMA İŞLƏRİ HƏYATA KEÇİRİLİR
Bakı, 30 iyun (AZƏRTAC). Prezident İlham Əliyevin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq təsdiq olunmuş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” çərçivəsində ölkənin qaz təsərrüfatının müasir tələblərə cavab verən səviyyədə yenidən qurulması ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilmişdir.
Bu məqsədlə şirkətdə 2010-2013-cü illərdə qaz təsərrüfatının əsaslı inkişaf proqramı müəyyənləşdirilmişdir. Proqrama əsasən şirkət tərəfindən 554 kilometrlik magistral qaz kəmərlərinin yenidən qurulması, ümumi uzunluğu 360 kilometr olan “Qalmaz-Astara”, “Mingəçevir qazpaylayıcı stansiyası - “Azərbaycan” İstilik Elektrik Stansiyası”, 90 atmosfer təzyiqli “Səngəçal-Qalmaz yeraltı qazsaxlama anbarı” magistral qaz kəmərlərinin çəkilişi, habelə Naxçıvan Muxtar Respublikasının təbii qaz təchizatının təkmilləşdirilməsi məqsədi ilə qaz anbarının və 180 kilometr uzunluğunda, 6 qazpaylayıcı stansiyaya malik “İqdır-Sədərək” kəmərinin tikintisi, regionlarda qaz təminatının yaxşılaşdırılması üçün yeni paylayıcı stansiyaların inşa edilməsi və köhnə stansiyaların yenidən qurulması, kompressor stansiyalarının təmiri və bərpası nəzərdə tutulmuşdur. Bundan başqa, respublikanın bütün qaz-nəql sistemində idarəetmə və rabitənin modernləşdirilməsi, sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də kompleks tədbirlərin görülməsi planlaşdırılır.
Proqrama həmçinin Bakıda 557 min, regionlarda isə 401 min smart-kart tipli qaz sayğacının quraşdırılması da daxildir. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Regionların qazlaşdırılması istiqamətində görüləcək işlər 55 inzibati rayon və şəhər üzrə 1.949 kənd, qəsəbə və yaşayış massivini əhatə edəcəkdir. Həyata keçiriləcək tədbirlər Bakı şəhəri, ətraf qəsəbə və kəndlərin qaz təchizatı sisteminin beynəlxalq tələblər səviyyəsində müasirləşdirilməsinə imkan verəcəkdir.
Qeyd edək ki, Bakı şəhərinin qaz təsərrüfatında yenidənqurma layihəsi konsepsiyasının hazırlanması üçün “Azəriqaz” İB və ARDNŞ-in Avropa ölkələrindəki tərəfdaşları tərəfindən birgə intensiv işlərə başlanılmışdır. Proqrama şəhərin qaz təsərrüfatına texniki xidmətin təkmilləşdirilməsi və Avropa təcrübəsinə uyğunlaşdırılması üzrə məsələlərin tam spektri daxildir. Gələcəkdə bu təcrübə əsasında “Azəriqaz” İB tərəfindən respublikanın regionlarında da geniş yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.