“Azəriqaz”ın Qadınlar Şurası ilə görüş keçirilib
Bakı, 18 dekabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktorunun köməkçisi Nailə Allahverdiyeva və birlik yanında yaradılan Qadınlar Şurası ilə görüş keçirib.
“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, görüşdə sədr müavini ölkəmizdə aparılan gender siyasəti, eləcə də bu istiqamətdə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər və layihələr barədə ətraflı məlumat verib.
Sədaqət Qəhrəmanova “Azəriqaz” İB tərəfindən gender və qadın siyasətinin təmin edilməsi ilə bağlı görülən işlərin təqdirəlayiq olduğunu və birliyin uğurlu təcrübəsinin digər qurumlar üçün müsbət nümunə ola biləcəyini xüsusi vurğulayıb.
“Azəriqaz” İB yanında yaradılan Qadınlar Şurasının sədri Gülnar Rəhimqızı da çıxışında yaradılan şuranın birlikdə çalışan qadınlara əmək fəaliyyətlərində, eləcə də sosial məsələlərin həllində göstəriləcək dəstək, onların yaranmış problemlərinin aradan qaldırılması istiqamətində görüləcək işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Görüşdə birliyin baş direktorunun köməkçisi Nailə Allahverdiyeva çıxışında qurumda çalışan qadın əməkdaşlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin komitənin sədr müavini Sədaqət Qəhrəmanovaya keçirilən bu görüşə və səmimi münasibətinə görə dərin təşəkkürünü bildirib.
Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, həmçinin reallaşdırılması mümkün layihələrlə bağlı təkliflər irəli sürülüb.