“Azərkosmos” ASC-nin mütəxəssisləri Fransada təlim keçib
Bakı, 24 noyabr, AZƏRTAC
“Azərkosmos” Azərbaycan Səhmdar Cəmiyyəti (ASC) və “Airbus Defence and Space” şirkəti arasında strateji əməkdaşlıq çərçivəsində ASC-nin nümayəndələri Fransada təlim keçib.
Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, həm nəzəri, həm də praktiki bilikləri əhatə edən təlimlər “Airbus” şirkətlər qrupunun müşahidə peykləri üzrə təcrübəli texniki mütəxəssislər tərəfindən aparılıb. Tədbir Azərbaycanın ilk müşahidə peyki olan “Azersky”ın idarəolunması, peykin proqramlaşdırılması, peykdən alınan təsvirlərin emalı və onların müxtəlif məqsədlər üçün tətbiq imkanları, təsvirlərin keyfiyyət analizi kimi mövzuları əhatə edib. Təlimin nəzəri və praktiki hissələri ilə yanaşı “Azersky” və analoji sistemə malik SPOT 6 peykləri üzərində real əməliyyatlar icra olunub.
Sonda “Azərkosmos”un əməkdaşları sertifikatlarla təltif edilib.
“Azərkosmosun əməkdaşları peşəkar və bacarıqlı komanda heyətindən təşkil olunub və təlimlərdən yüksək səviyyədə faydalanıblar”, - deyə “Airbus Defence and Space” şirkətindən təlimin layihə rəhbəri Kristian Renu bildirib.
Təlimdən əldə olunan nəzəri və praktiki biliklərin istifadəsi “Azersky” peykinin idarəedilməsi, əldə olunan təsvirlərin emal prosesinin dəqiqliyinin yüksəldilməsi, resurslarından minimal istifadə etməklə peykin missiyasının optimal planlaşdırılması istiqamətində daha uğurlu nəticələr əldə etməyə imkan verəcək.