CƏMİYYƏT
“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub
![“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub](/files/2024/2/1200x630/1719841071524111472_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
“Park Bulvar” Ticarət Mərkəzində fəaliyyət göstərən Tusi-Bohm Planetariumunda Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") dəstəyi ilə ərsəyə gəlmiş, “Dəyərli Planetimizi Qoruyaq” (Preserving Our Precious Planet) filminin təqdimatı olub.
Kosmik Agentlikdən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov, investor-sahibkar Tahir Gözəl, fəxri qonaq qismində Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı və digər qonaqlar iştirak ediblər.
Xatırladırıq ki, sözügedən film növbəti üç il ərzində Tusi-Bohm Planetariumunda nümayiş olunacaq.
Azərbaycanın kosmik sənayesinin təmsilçisi olaraq, “Azərkosmos” kosmosun tədqiqi vasitəsilə cəmiyyətdə davamlılıq və ekoloji şüurun təşviq edilməsi məqsədlərinə sadiqdir. Ölkəmizin noyabrda COP29 konfransına fəal hazırlığı çərçivəsində bugünkü təqdimat xüsusi önəm daşıyır.
Təqdimat mərasiminin bir hissəsi olaraq, “Azərkosmos”un “Azersky” peykinin fəaliyyət dövründə çəkdiyi təsvirlərdən ibarət sərgi də keçirilib.