REGİONLAR
“Azərtütün” ASC tütün əkini ilə əlaqədar fermerlərlə müqavilələr bağlayır
Zaqatala, 8 fevral, Mustafa Dadaşov, AZƏRTAC
“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işlərinə başlanılıb. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək 42 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.
Qurumdan bildirilib ki, indiyədək fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 385 hektar təşkil edir. Bundan əlavə, şirkətin özü tərəfindən də bu il 256,5 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.
Hazırda tütün şitillərinin yetişdirilməsi üçün istixanalarda hazırlıq işləri görülür. Martın əvvəllərində tütün şitillərinin yetişdirilməsinə başlanılacaq. Eyni zamanda, tütün əkini üçün 508,6 hektar sahədə don şumu aparılıb və bu iş davam etdirilir.
Qeyd edək ki, “Azərtütün” ASC tərəfindən ötənilki mövsümdə şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 620,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 62,7 hektarı şirkətin özünə aid, 557,4 hektarı isə fermerlərə məxsus sahələr olub. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən həmin rayonlarda 77 fermerlə müqavilə bağlanılıb. Mövsüm ərzində cəmiyyətin şimal-qərb bölgəsində fəaliyyət göstərən emal məntəqələrində 1100 ton quru tütün istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 355 ton çoxdur.