AzMİU beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 29 iyun, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Çinin Makao Texniki Universitetinin nümayəndələri ilə görüş keçirib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor, professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Makao Texniki Universitetinin rəhbər heyəti arasında baş tutan görüşdə əməkdaşlıq imkanları və perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər təhsil və elm sahəsində birgə layihələrin həyata keçirilməsi, akademik heyət və tələbə mübadiləsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq proqramlarda birgə iştirak və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı beynəlxalq universitet reytinqlərində ali təhsil müəssisələrinin mövqeyinin gücləndirilməsi, bu istiqamətdə qabaqcıl təcrübələrin paylaşılması və beynəlxalq tanınmanın artırılması məsələləri də diqqət mərkəzində olub. Tərəflər reytinq göstəricilərinin yaxşılaşdırılması, akademik nüfuzun artırılması və strateji tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.