AzMİU-nun tələbəsi kinboks üzrə dünya çempionatında uğur qazanıb
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin tələbəsi Ülvi Dadaşzadə İtaliyanın Carara şəhərində təşkil olunan kinboks üzrə dünya çempionatında ikinci yeri tutub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, 94 kq çəkidə rinqə çıxan Ülvi Dadaşzadə əvvəlcə Ukrayna, sonra isə Moldova və İtaliya idmançılarını məğlub edib. Çempionluğun bir addımında dayanan idmançı tələbə finalda İtaliyanın başqa kinboksçusu ilə rinqə çıxıb. Gərgin mübarizədə o, minimum fərqlə İtaliya idmançısına məğlub olub və ikinciliklə kifayətlənib.
Qeyd edək ki, Ülvi Dadaşzadə bundan əvvəl də bir sıra yerli və beynəlxalq yarışlarda iştirak edib, medallar qazanıb.
AzMİU-nun dosenti Aqşin Kərimov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili Ülvi Dadaşzadə ilə görüşərək universitet rəhbərliyi adından onu təbrik ediblər.