İQTİSADİYYAT
“Bakcell” balansı idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib
Bakı, 19 mart, AZƏRTAC
“Bakcell” şirkəti müştərilərinə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, maksimal dərəcədə sadə və rahat interfeysə malik olan “MyBakcellim” alətlər paneli vasitəsilə balansı yoxlamaq, artırmaq, nəzarət və idarə etmək; internet paketlərinə abunə yazılmaq və məlumat almaq; SMS paketlərinə abunə yazılmaq və məlumat almaq; tarifi dəyişdirmək və bu barədə məlumat almaq; bonuslara nəzarət etmək və bonuslar barədə məlumat almaq; “Bakcell” şirkətinin təqdim etdiyi istənilən digər xidmətlərdən onlayn faydalanma kimi əməliyyatları yerinə yetirmək mümkündür.
“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib ki, bu alətlər panelinin vasitəsilə mobil internetdən istifadə edən abunəçilərimiz öz balanslarına nəzarət edə, tarif paketlərini nəzərdən keçirə və özləri üçün uyğun olanı asanlıqla seçə biləcəklər. İnanırıq ki, bu vasitə müştəri təcrübəsinin təkmilləşdirilməsinə xidmət edəcək və abunəçilərimizin nəzarət imkanlarını genişləndirəcək.
“MyBakcellim” alətlər panelinin yeni funksiyaları arasında müştərilərə “Bakcell” tərəfindən təklif olunan istənilən paketə yazılmış abunəni ləğv etmək imkanı verən deaktivasiya düyməsi də var.
Yeni alətlər paneli haqqında əlavə məlumatları www.bakcell.com saytından əldə etmək olar.