“Bakcell" "GəlirliCIN" tarifində zənglərin qiymətini 25 faiz endirib
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti iyulun 22-dən "GəlirliCIN" tarifində olan abunəçiləri üçün “Hər gün möcüzə” adlı yeni kampaniyaya başlayıb. Eyni zamanda bu tarifdə 25 faizlik endirim tətbiq edilərək ölkədaxili danışıqların bir dəqiqəsi üçün qiymət 6 qəpik olub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniya abunəçilərə gün ərzində xərclədikləri bütün məbləği növbəti gün bonus şəklində balanslarına geri qaytarmağa imkan verir. Bundan "GəlirliCIN" tarifində olan bütün mövcud, eləcə də yeni qoşulan abunəçilər yararlana bilərlər. Hazırda bu tarifdə olanlar daha ucuz qiymətlər və iri bonuslardan faydalana biləcək, istənilən istiqamətdə ölkədaxili zəng, SMS, MMS və mobil internet üçün xərclədikləri məbləği 100 faiz olmaqla növbəti gün bonus şəklində geri alacaqlar. Əldə olunan bonus balansı istənilən istiqamətdə ölkədaxili danışıqlar, SMS və MMS yollanılması və eyni zamanda mobil internet üçün istifadə oluna bilər. Bonus internet paketini almaq üçün istifadə edilə bilməz.
Şirkət, eyni zamanda "GəlirliCIN" tarifində 25 faizlik endirim tətbiq edərək ölkədaxili danışıqların bir dəqiqəsi üçün qiyməti 8 qəpikdən 6 qəpiyə endirib. Gündəlik bonus alındığı günün sonunadək istifadə olunmalıdır. Bonusun istifadə olunmamış qalığı növbəti günə keçirilmir.
Qeyd edək ki, "GəlirliCIN" tarifində olan bütün abunəçilər yeni və daha sərfəli olan bu kampaniyaya avtomatik şəkildə miqrasiya olunacaqlar. Digər tariflərdə olan abunəçilər isə “GəlirliCIN”ə qoşularaq bu kampaniyadan faydalana bilərlər. Bu tarifə qoşulmaq üçün *138*3#YES kodunu yığmaq yetərlidir.