ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi ilə “Total E&P Azerbaijan” şirkəti arasında əməkdaşlıq protokolu imzalanmışdır
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Bakı Ali Neft Məktəbi (BANM) ilə “Total E&P Azerbaijan” şirkəti arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi əməkdaşlıq protokolu imzalamışlar. İmzalanma mərasimində Fransa Azərbaycandakı səfiri Paskal Mönye və iştirak etmişdir.
BANM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əməkdaşlıq protokolunda “Total E&P Azerbaijan” şirkətinin dəstəyi ilə Neft Məktəbi və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi, məktəbin tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etmələrinə yardım göstərilməsi məsələlərinə dəstək verilməsi öz əksini tapmışdır.
Tədbirdə çıxış edən BANM-nin rektoru Elmar Qasımov bildirmişdir ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq günü-gündən inkişaf edən Azərbaycan regionun aparıcı dövlətinə və dünyanın aparıcı dövlətlərinin müttəfiqinə çevrilmişdir. Bu əməkdaşlıq nəinki enerji sahəsində, demək olar ki, bütün sahələrdə inkişaf etməkdədir. Artıq dünyaya inteqrasiya etmiş Azərbaycan üçün beynəlxalq standartlara cavab verən kadrların hazırlanması prioritet məsələyə çevrilmişdir. Yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində bir çox uğurlu təhsil islahatları həyata keçirilməkdədir. BANM-nin yaradılması uğurla həyata keçirilən islahatlardan biridir.
Fransanın səfiri Paskal Mönye qeyd etmişdir ki, dinamik inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etməsi təqdirəlayiq haldır. imzalanan protokol Fransa ilə Azərbaycan arasında günü-gündən inkişaf edən münasibətlərin göstəricisidir.
“Total E&P Azerbaijan” şirkətinin baş meneceri Kristian Jüdiselli demişdir ki, “Total E&P Azerbaijan” şirkəti Azərbaycanda fəaliyyətə başladığı gündən təhsil və kadrların hazırlanması sahəsində bir çox layihələrin həyat keçirilməsinə dəstək vermişdir. O, BANM ilə əməkdaşlıq etməkdən məmnunluq hiss keçirdiyini qeyd etmişdir.