Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir
Bakı, 15 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) təhsilin nəticələrinin qiymətləndirilməsi üçün onlayn final imtahanlarını davam etdirir. Ölkədə ilk dəfə olaraq BANM-də təşkil olunan onlayn imtahanlar mayın 18-də yekunlaşacaq.
BANM-dən AZƏRTAC-a bildirilib ki, onlayn imtahanların obyektivliyi və plagiatlığın qarşısının alınması beynəlxalq təcrübəyə uyğun olaraq ali məktəb tərəfindən hazırlanmış Şərəf Kodeksi əsasında təmin edilir.
İmtahanlar LMS (Learning Management System - öyrənmənin idarə olunması sistemi) üzərindən reallaşdırılır. Bu sistem yerli mütəxəssislər tərəfindən ilk dəfə olaraq Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Bundan əlavə, ali məktəbin tələbələri ABŞ-ın Stanford Universitetinin lisenziyalı “Coursera for Campus” qlobal distant tədris proqramının kurslarında uğurla iştirak edərək sertifikat əldə ediblər.
Ümumilikdə proqram çərçivəsində kurslarda ali məktəbin 411 tələbə və müəllimi iştirak edib. Bura proseslərin avtomatlaşdırılması mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisaslarının II, III, IV və V kurs tələbələri (həm bakalavriat, həm də magistratura), hazırlıq (Foundation) kursunun 195 tələbəsi, MBA proqramının bütün tələbələri daxildir. Dərslər nüfuzlu Amerika, Avropa və Asiya universitetlərinin professor-müəllim heyəti tərəfindən distant formada aparılıb.
Kurslardan sertifikat əldə etmiş tələbələrə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradılıb.
Qeyd edək ki, BANM-də təhsil Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramlarına əsasən həyata keçirilir, buna görə də semestr dərsləri digər ali təhsil müəssisələrinə nisbətən daha öncə başlayır və yekunlaşır.