İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya–analitik şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, səhər səsli hərracların yekunlarına görə, 3 bankın iştirakı ilə bağlanmış əqdlərin ümumi həcmi 800 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4917 manat idi. Təklif tələbata bərabər olmuş, sessiyanın bağlanış məzənnəsi isə dəyişməz qalmışdır.
Bankların birja elektron hərrac sisteminə (BEST) sifarişlərində ABŞ valyutasının qiyməti orta hesablanmış məzənnəyə yaxın olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də bağlanmış banklararası əqdlərin həcmi 3,124 milyon dollar, yaxud 15 milyard 360 milyon manat təşkil etmişdir. Bu, iyulun 31-də birjada imzalanmış əqdlərin məbləğindən 49,1 faiz çoxdur. Hər sövdələşmənin payına orta hesabla 312,4 min dollar düşmüşdür. Tələbat olmadığından T+1, T+2 alətləri üzrə dilerlər tərəfindən əqdlər bağlanmamışdır. Banklar avro və rus rublu üzrə BEST-ə sifarişlər verməmişdir.
Başa çatmış hərracların yekunlarına görə, birjanın valyuta bölməsində həftə ərzində 19,503 milyon dollar məbləğində 59 əqd bağlanmışdır. Bütövlükdə, birjanın valyuta bölməsinin ümumi dövriyyəsində xarici valyuta üzrə bağlanan elektron əqdlərin payı 88,9 faizə çatmışdır.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında Milli Bank tərəfindən illik faiz dərəcəsi 10 faiz və ümumi həcmi 1,1 milyard manat təşkil edən kredit vəsaitlərinin yerləşdirilməsi üzrə sifarişlər verilmişdir. Avqustun 1-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.