Bakı Dövlət Universitetinin 8776 tələbəsi tibbi müayinədən keçmişdir
Bakı, 21 aprel (AZƏRTAC, Əziz Məmmədov). Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin məntiqi nəticəsi olan iqtisadi tərəqqi sayəsində səhiyyə sahəsində də işlərin geniş vüsət alması üçün imkan yaratmışdır. Əhalinin sağlamlığı məsələlərini daim diqqət mərkəzində saxlayan dövlət başçısının tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək ölkə vətəndaşlarının tibbi müayinəsi aksiyası keçirilir. Bu aksiya Azərbaycanın ali məktəblərinin poliklinikalarında, o cümlədən Bakı Dövlət Universitetinin (BDU) 30 nömrəli poliklinikasında da uğurla davam edir.
Poliklinikanın baş həkimi Tamilla Əliyeva AZƏRTAC-a bildirmişdir ki, BDU-nun 17 fakültəsində 12916 tələbə təhsil alır. Fevralın 17-dən bu günə qədər 14 fakültənin 8776 tələbəsi tibbi müayinədən keçmişdir. 495 tələbədə müxtəlif xəstəliklər, o cümlədən 13 tələbədə yoluxucu xəstəlik aşkar edilmişdir. Bu müddətdə 1270 tələbə laboratoriya müayinəsi, 49 tələbə ultrasəs müayinəsi keçmiş, 38 tələbə elktrokardioqraf vasitəsilə müayinə olunmuşdur. 65 tələbə dispanser uçotuna götürülmüş, 3 nəfər hospitallaşdırılmış, 37 tələbə rentgen müayinəsinə göndərilmişdir.
BDU-nun tətbiqi riyaziyyat fakültəsinin bu gün tibbi müayinədən keçmiş 3-cü kurs tələbəsi Sitarə Nəsibova və digər tələbələr dövlət başçısının bu nəcib təşəbbüsünü dərin minnətdarlıqla qarşılamışlar. Onlar poliklinika personalının işindən və burada yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişlər.