ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin tələbələri tədris təcrübəsində
Bakı, 8 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyalarında tədris təcrübələri keçirlər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tələbələrə Nanokompozit katalizatorlar laboratoriyasında fotometrik analiz üsulu ilə sənaye şəraitində Fe3+ ionlarının sorbsiyası üçün effektiv absorbentlərin işlənib hazırlanması və tədqiqi haqqında geniş məlumat verilib və onlar əyani olaraq təcrübələrin aparılmasında iştirak ediblər.
Eyni zamanda, tələbələr Metal–klatrat birləşmələr laboratoriyasında kimyəvi proseslər ilə tanış olublar. Tələbələrə laboratoriya şəraitində maye və qaz halında ilkin maddələrin reaktora avtomatik ardıcıl verilməsi mexanizmi və alınan maddələrin soyuducu sistemindən keçərək toplanması, analizə ötürülməsi prinsipləri əyani göstərilib və izah edilib. Sonra onlar Analitik kimya laboratoriyasında kompleks birləşmələrinin alınmasında tətbiq olunan üzvi maddələrin sintezi prosesi ilə tanış olub, təcrübələrin aparılmasında iştirak ediblər.
Tədris təcrübəsi mayın 25-nə kimi davam edəcək.