BAKI OKSFORD MƏKTƏBİNİN YUBİLEY BURAXILIŞI
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yay terrasında Azərbaycanın və Böyük Britaniyanın dövlət himnlərinin səslənməsi Bakı Oksford məktəbinin 10 illik yubileyinə həsr olunmuş gecənin başlanğıcından, növbəti məzun buraxılışından xəbər verirdi.
Əcnəbi şagirdlər öz ölkələrinin bayraqlarını gətirdilər. Sonra birinci sinif şagirdləri səhnəyə dəvət olundular.
Məktəbin direktoru Nailə Rzayeva, GUNAR Təhsil Texnologiyaları Mərkəzinin prezidenti Rasim Məmmədov, GUNAR-ın vitse-prezidenti Tofiq Rzayev, təhsil nazirinin müavini Elmar Qasımov təbrik nitqi ilə çıxış edərək, məzunlara xeyir-dua verdilər. Xalq yazıçısı Maqsud İbrahimbəyovun təbrik məktubu oxundu.
Bakı Oksford məktəbi 1998-ci ildə Oksford Dil Mərkəzi kimi tanınmış GUNAR Təhsil Texnologiyaları Mərkəzinin bazasında yaradılmışdır. Mütəxəssislərin fikrincə, məktəbi güclü müəllim heyəti, milli (Azərbaycan Təhsil Nazirliyinin lisenziyası) və beynəlxalq (Oksford Dil Mərkəzinin lisenziyası) təhsil standartlarını birləşdirən xüsusi təhsil proqramı fərqləndirir. Bundan əlavə, Bakı Oksford məktəbinin məzunları eyni vaxtda həm dövlət attestatı, həm də beynəlxalq diplom alırlar. Onlar Azərbaycanın aparıcı ali məktəblərinə, eləcə də nüfuzlu xarici ali məktəblərə daxil ola bilərlər. 2003-cü ildə məktəbə Kembric Beynəlxalq İmtahan Mərkəzi statusu verilmişdir.