Bakı Slavyan Universitetində Dövlət Bayrağı Gününə həsr olunmuş respublika tələbə elmi-konfransı keçirilmişdir
Bakı, 11 noyabr (AZƏRTAC). Bakı Slavyan Universitetində (BSU) Dövlət Bayrağı Gününə həsr olunmuş “Azərbaycan Respublikasında rus dilinin aktual problemləri” mövzusunda respublika tələbə elmi-konfransı keçirilmişdir.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, pedaqoji fakültənin dekanı, professor Eldar Piriyev konfransı açaraq, tədbirin əhəmiyyətindən danışmış, işinə uğurlar arzulamışdır.
Müəllim və tələbələri bu əlamətdar gün münasibətilə təbrik edən BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev rus dilinin öyrənilməsinin aktuallığından və vacibliyindən söz açmışdır.
Plenar iclasda, həmçinin BSU-nun tələbələri Elmira Mehdiyeva, Günel Mustafayeva və Bakı Biznes Universitetinin tələbəsi Fidan Ələkbərova məruzə ilə çıxış etmişlər.
Sonra konfrans müasir rus dili, rus dilinin tədrisi metodikası bölmələrində işini davam etdirmişdir.
Bölmə rəhbərləri çıxışlarında bölmənin işində xüsusi fərqlənmiş tələbələrin məruzələrini yüksək qiymətləndirmişlər.
Sonda BSU-nun elmi işlər üzrə prorektoru, dosent Seyfəl Həsənov rus dilinin öyrənilməsinin zəruriliyi və tələbələrin elmi istiqamətdə fəaliyyəti üçün hər cür imkanın olduğunu vurğulamışdır.