Bakı Slavyan Universitetində konfrans: “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva konfransın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunduğunu söyləyib, bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini bildirib.
Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrindən gənclərin iştirak etdiklərini bildirən N.Əliyeva AXC-nin yaranmasından və qısa vaxtda gördüyü böyük işlərdən, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasından danışıb, gənclərimizə vətənpərvər olmağı, hər zaman dövlətimizin, millətimizin mövqeyini qorumağı, onun adını uca tutmağı tövsiyə edib.
Rektor cəmi 23 ay yaşamış AXC-nin Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq istiqamətindəki gərgin fəaliyyətindən, cümhuriyyət liderlərinin fədakarlığından, millət qarşısındakı xidmətlərindən danışıb. Müasir Azərbaycanın məhz AXC ənənələrini, cümhuriyyət qurucularının arzu və istəklərini həyata keçirdiyini bildirib.
N.Əliyeva 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında dövlətimizin başçısının müvafiq Sərəncamını xüsusi tarixi hadisə kimi dəyərləndirib. AXC-nin müsəlman Şərqində ilk demokratik respublika olduğunu söyləyən rektor onun yaranmasını Azərbaycanın yaşadığı parlaq mədəni yüksəlişin məntiqi yekunu olduğunu bildirib.
N.Əliyeva AXC-nin yubileyinin qeyd edilməsini həm də Bakının işğaldan azad olunmasının 100 illiyinin qeyd edilməsi kimi dəyərləndirib. O, Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunu bir daha diqqətə çatdırıb.
Konfrans barədə məlumat verən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov tədbirə ölkənin 19 ali məktəbindən 160 tələbə və magistrantın qatıldığını söyləyib. Diqqətə çatdırılıb ki, konfransda Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin nümayəndəsi də iştirak edir.
Universitetin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev cümhuriyyətin Azərbaycan tarixindəki yeri və rolundan, 1990-cı illərin əvvəlində ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımızın yenidən yüksəldilməsindən və digər məsələlərdən söz açıb.
Sonra konfrans işini altı bölmədə iclaslarla davam etdirib. İclaslarda “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri”, “Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu quruculuğu”, “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil”, “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində yeri və əhəmiyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə qısa baxış”, ”Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi”, “Müstəqil dövlətdə kosmik sənayenin əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilib.
Sonda konfransın iştirakçılarına universitet tərəfindən sertifikatlar verilib.