Bakı Slavyan Universitetində “Slavyan yazısı və mədəniyyəti günü” qeyd olunub
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Bakı Slavyan Universitetində (BSU) “Slavyan yazısı və mədəniyyəti” günü qeyd edilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir slavyan xalqlarının ilk müəllimləri - Kiril və Mefodinin xatirə gününə həsr olunub.
Tədbirdə BSU-nun Rusiya tədris-mədəniyyət mərkəzinin müdiri Gülnarə Novruzova bu ali təhsil ocağında hər il “Slavyan yazısı və mədəniyyəti günü”nün xüsusi qeyd olunduğunu deyib. Diqqətə çatdırılıb ki, bütün slavyan dünyasında yüzilliklərdən bəri qeyd olunan bu bayram slavyan xalqları əlifbasının baniləri Kiril və Mefodi qardaşlarının mədəni və mənəvi irsinə həsr edilib. Kiril və Mefodi qardaşları əlifba yaratmaqla yanaşı, dini kitabları yunan dilindən qədim slavyan dilinə tərcümə edib, slavyanlara yazı öyrədib və bununla da xristian dinini yaymağı bacarıblar.
BSU-nun pedaqoji fakültəsinin tələbələri Kiril və Mefodi qardaşlarının həyatı, onların slavyan mədəniyyətinə verdikləri töhfələr, “Slavyan yazısı və mədəniyyəti günü”nün əsl xalq bayramı kimi qeyd olunması barədə ətraflı məlumat veriblər.
Sonra Kiril və Mefodinin slavyan xalqlarının həyatında xüsusi xidmətlərindən bəhs edən film nümayiş olunub.
BSU-nun professoru Lidiya Qranovskaya slavyan yazısının Oktyabr inqilabından sonrakı tarixi barədə məruzə ilə çıxış edib. Slavyan dillərinin orfoqrafik qaydaları haqqında iştirakçılara məlumat verən məruzəçi Kiril və Mefodinin qardaşlarının yaratdıqları əlifbanın slavyan dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.
Tədbirdə iştirak edən Arxangelsk Beynəlxalq Universitetinin prorektoru, professor Mixail Sobolev BSU-da slavyan xalqlarına məxsus milli bayramların təntənə ilə qeyd olunmasını yüksək dəyərləndirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dair tarixi faktlardan istifadə edərək məqalə hazırladığını bildirib. BSU-nun təsis etdiyi “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı ilə yaxından tanış olduğunu deyən qonaq nəşrdə yer alan məqalələr barədə müsbət fikirlərini bölüşüb.
Tədbir bədii hissə ilə davam etdirilib.