Bakıda aptekdə cibgirlik edən şəxs saxlanılıb VİDEO
Bakı, 9 aprel, AZƏRTAC
İctimai nəqliyyatda, həmçinin insanların sıx olduğu obyektlərdə cibgirlik edərək pul və qiymətli əşyalar ələ keçirən şəxsin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbəyə müraciət edən zərərçəkən rayon ərazisində yerləşən apteklərdən birinə müştəri kimi daxil olan zaman cibindən naməlum şəraitdə içərisində 120 ABŞ dolları və 100 manat olan pul kisəsinin oğurlandığını bildirib.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Saxlanılan şəxsin aptekdə törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində bu cinayəti törətdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.