BAKIDA ARIÇILIQ MƏHSULLARININ SATIŞ-SƏRGİ YARMARKASI DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası sentyabrın 27-də öz işini davam etdirmişdir. Tədbirdə 50-dən artıq şəhər və rayondan 300-ə yaxın arıçı iştirak edir. Yarmarkanın ilk günləri xeyli məhsul satılmışdır.
Daşkəsən rayonunun Qabaqtəpə kəndinin sakini Elman İsmayılov demişdir ki, nəsillikcə arıçıdırlar və hazırda 200 arı ailəsi bəsləyir. Bu nəcib işə atamın həvalə etdiyi 100 arı ailəsi ilə başlamışam. Ötən müddətdə bu ailələrin sayını iki dəfə artırmışam. Daşkəsəndə, qonşu rayonlarda, Bakıda daimi müştərilərim vardır. Bəzi müştərilər hətta 30-40 kiloqram bal sifariş verirlər.
Bir qayda olaraq, pətəkləri yayda yaylağa qaldırır, qışda qışlağa endirirəm. Təbiət o qədər zəngindir ki, arılara əlavə yem verməyə ehtiyac qalmır. Heç buna can da atmıram. Cökəyə, qantəpərə, kəklikotuna, çobanyastığına nə gəlib ki?! Arılar da bu halallığı qiymətləndirir. Bu il bir tona yaxın məhsul götürmüşəm. 
Problemi barədə soruşanda dedi ki, kredit verilsə, arıçılıq təsərrüfatı yaradar. Bir də zövq oxşayan, müxtəlif tutumlu qablaşdırma materiallarına ehtiyacı vardır. Respublikamızda müvafiq istehsal sahəsinin yaradılması bütün arıçıların ürəyincə olardı.
Elnur Mövsümov Xanlar rayonunun Xaqani kəndindən gəlmişdir. Deyir ki, 60 arı ailəsi vardır. Bu işə atası ilə birlikdə başlayanda cəmi 5 pətəkləri var imiş. Cari mövsümdə hər arı ailəsindən təxminən 10 kiloqram bal götürüblər. Çətinlikləri nəqliyyatla bağlıdır. Yayda arıları “Mələk” yaylağına daşıyanda problemimiz olur, - deyən Elnur arı ailələrinin sayını artırmaq üçün kreditlə bağlı arzusunu da dilə gətirdi.
Ehtiram Məmmədov isə Saatlı rayonundandır. Ali təhsilli kənd təsərrüfatı mütəxəssisidir. Arıçılığa 13 il əvvəl Qubadlının Başarat kəndindən dostu Əlövsətin təşviqi ilə başlayıb. Arıları Arazqırağı bölgədə saxlayır. Məhsulu əsasən biyandan çəkilmiş baldır. Dediyinə görə, bu balın böyük müalicəvi əhəmiyyəti vardır. Ehtiram alıcıların şübhəsini dağıdaraq dedi ki, ümumiyyətlə, pambıq çiçəyindən çəkilmiş balımız olmur. Çünki bu bitki çiçəkləyənə qədər biz balı süzürük.
Ehtiram Məmmədov əsasən uzunxortumlu, soyuğa davamlı boz Qafqaz cinsindən olan arılara üstünlük verdiyini deyir. Bu il 62 arı ailəsindən 1052 kiloqram bal alıb. Yarmarkaya balla bərabər, vərəmum və mum da gətirib. Məhsulunun təmizliyinə tam zəmanət verir. Əminliyini sübut etmək, balın saflığını müəyyənləşdirmək üçün əsrlərin sınağından çıxmış üsulları xatırladır: qaşıqdakı bal süzülən zaman sona yaxın rezin kimi dartılırsa, təmizdir. Digər bir üsul: balı distillə olunmuş suda qarışdıranda su bulanırsa, bal təmizdir. Su duru qalırsa, məhsula haram qatılıb.
Satış-sərgi yarmarkası sentyabrın 30-dək davam edəcəkdir.