BAKIDA ARIÇILIQ MƏHSULLARININ SATIŞ-SƏRGİ YARMARKASI DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası öz işini davam etdirir. Tədbirdə 50-dən artıq şəhər və rayondan 300-ə yaxın arıçı iştirak edir. Yarmarkada hər gün xeyli məhsul satılır.
...Şəkinin Oxud kəndindən gəlmiş Osman Abdullayev 1955-ci ildən başlayaraq arıçılıqla məşğul olur. Dediyinə görə, 1962-ci ildə Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində ən yaxşı şan balına görə qızıl medal və diplom almışdır. Altıncı ildir ki, burada keçirilən sərgidə iştirak edir. Osman kişi məhsuldar damazlıq arısı ilə də tanınır. Respublikanın, demək olar, bütün guşələrindən onun yanına damazlıq arı üçün gəlirlər. Deyir ki, ötən illər ərzində Laçın, Kəlbəcər, Yardımlı, Şamaxı, Balakən, Zaqatala və digər yerlərə damazlıq ocağından beçə vermişdir.
Problemlərdən danışarkən arıçılıq məhsullarının tədarükü ilə məşğul olan qurumun yaradılması arzusunu dilə gətirdi. Bu, arıçıları bazar axtarışından azad edərdi.
...Fərman İsmayılov da Şəkidəndir. Böyük Dəhnə kəndində təcrübəli arıçı kimi tanınır. Sərginin ilk günündən şirin dili ilə bakılıları cəlb edir. Bununla belə, alıcıların azlığından gileylənir. Hətta gələcəkdə sərgi-satış yarmarkasının şəhərin mərkəzi hissəsində keçirilməsini təklif edir.
...Astaranın Şiyəkəran kəndindən 200 kiloqram bal gətirmiş Hacı Əsgər Zeynalov birinci dəfədir ki, bu sərgidə iştirak edir. Məhsulunun kiloqramını 10 manata satır. Deyir ki, bu yay arı ailələrini Lerik, Biləsuvar dağlarına aparmışdır. Arıçı təkcə məhsulu satmaqla kifayətlənmir, müştərilərə balın müalicəvi əhəmiyyəti haqqında da danışır.
...Ələddin İsmayılov Şahbuz rayonunun Qızıl Qışlaq kəndindəndir. “Arıçılıq dədə-baba peşəmizdir”, - deyir. “Hazırda 60 pətəyimiz vardır. Məhsulumuzun təmizliyinə söz yoxdur. Məşğul olduğumuz iş həm nəcib işdir, həm də halallıq tələb edir. Xislətində harama meyillilik varsa, gərək bu işə girişməyəsən”.
Sərgi-satış yarmarkası sentyabrın 30-dək davam edəcəkdir.
Sərgi çərçivəsində arı ailələrinin qışa hazırlanması, damazlıq işlərinin təşkili, xəstəliklərə qarşı mübarizə mövzularında söhbətlər, arıçılığa dair müsabiqə, alim və mütəxəssislərin iştirakı ilə elmi-praktik konfrans, keyfiyyətli bal istehsalı ilə bağlı diskussiya nəzərdə tutlmuşdur.
Sərgi iştirakçıları qabaqcıl təcrübə ilə tanış olmaq üçün oktyabrın 1-də Quba rayonuna səfər edəcəklər.