Bakıda “Artroskopiya, qığırdaq cərrahiyyəsi və idman travmaları” mövzusunda beynəlxalq kurs keçirildi
AZƏRTAC xəbər verir ki, “Baku City Hospital” və Türkiyə Hacəttəpə Universitetinin təşkilatçılığı ilə keçirilən bir günlük kursda Azərbaycan və Özbəkistan mütəxəssisləri iştirak etmişlər.
Açılış mərasimində tibb elmləri namizədi, ortoped-travmatoloq Bayram Qorçiyev, kursun koordinatoru, ortoped-travmatoloq Aydın Qəhrəmanov və Türkiyə Hacəttəpə Universitetinin professoru Mahmud Nedim Doral çıxış ediblər.
A.Qəhrəmanov bildirildi ki, Bakı 2015 Avropa Oyunları ilə əlaqədar olaraq iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə keçirilən bu kursun davamı olaraq təcrübə xarakterli treninq de keçiriləcək. Qeyd edilib ki, Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ulu öndərimiz Heydər Əliyev türkdilli xalqların yaxınlaşmasına böyük əhəmiyyət verib. Hazırda bu siyasət ümummilli liderimizin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkdilli xalqların ictimai-siyasi və elmi-mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu baxımdan türkdilli ortoped-travmatoloqlar arasında yaradılmış səmərəli elmi əməkdaşlıq da böyük önəm daşıyır.
Tədbirdə Milli Məclisin deputatları Adil Əliyev və Fazil Mustafa çıxış ediblər. Qeyd edildi ki, ölkəmiz birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası kimi mötəbər idman yarışlarına ev sahibliyi etməyə hazırlaşır. İstər maddi-texniki bazanın, istər insan potensialının, istərsə də idman sahəsində kifayət qədər kadrlarımızın olması bizə bu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verəcək.
Daha sonra müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr edilib, diz oynağı cərrahiyyəsində yeniliklər barədə video-çarx nümayiş olunub.