BAKIDA “AYRI-SEÇKİLİYƏ QARŞI BİRLƏŞƏK” MÖVZUSUNDA BEYNƏLXALQ TƏLİM KURSU KEÇİRİLİR
Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, AKİB-in prezidenti Ceyhun Osmanlı, Milli Məclisin deputatı Əkrəm Abdullayev və başqaları çıxış etmişlər. Onlar Avropa Şurası tərəfindən üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə 2005-2007-ci illər ərzində “Hər kəs fərqli - hər kəs bərabər” mövzusunda proqram həyata keçirildiyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, proqramın məqsədi gənclərlə işin səviyyəsini artırmaq, müxtəlif ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatları arasında əlaqələri genişləndirmək və bu gün bütün dünyanı narahat edən problemlərin həllində gənclərin potensialından daha geniş şəkildə istifadə etməkdir. Məlumat verilmişdir ki, proqram çərçivəsində respublikamızda ilin əvvəlindən bəri beş tədbir keçirilmişdir. “Ayrı-seçkiliyə qarşı birləşək” mövzusuna həsr olunmuş bu təlim kursunda Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Polşa, Gürcüstan və Baltikyanı respublikaların gənclər təşkilatlarından 25 nəfər iştirak edir.
Təlim kursunda irqi, dini ayrı-seçkiliyin, gender bərabərsizliyinin aradan qaldırılmasında, problemlərin həllində birgə mübarizə aparmağın yolları müzakirə olunacaq, insan hüquqları, mədəniyyətlər təbliğ ediləcək, milli kampaniyaların inkişafında QHT-lərin rolundan söz açılacaqdır.
Bütün iştirakçılar özləri haqqında qısa məlumat vermiş, həmçinin KİV nümayəndələrinin suallarını cavablandırmışlar.
Təlim kursu iyulun 15-də başa çatacaqdır.