CƏMİYYƏT
Bakıda Azərbaycan-Türkiyə səhiyyə forumu keçirilir
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 27-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tənəffüs sistemi xəstəlikləri üzrə Azərbaycan-Türkiyə səhiyyə forumu öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan universitetin prorektoru İbrahim İsayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycan-Türkiyə səhiyyə forumu da bu tədbirlərdən biridir.
Bildirilmişdir ki, XXI əsrdə əsasən allergik və onkoloji xəstəliklər daha sürətlə artmışdır. Bu baxımdan tənəffüs sistemi xəstəlikləri üzrə forumda aparılacaq müzakirələr hər iki ölkənin həkimləri üçün faydalı olacaqdır.
Qeyd edilmişdir ki, forumun keçirilməsində əsas məqsəd Türkiyənin tanınmış mütəxəssisləri ilə birgə tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
İ.İsayev forumun işinə uğurlar arzulamışdır.
Sonra İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsinin tənəffüs yolu xəstəlikləri şöbəsinin professorları Bülent Tutluoğlu və Günay Aydın, ATU-nun II uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova çıxış edərək forumun əhəmiyyətindən danışmışlar.
Eyni zamanda, Türkiyənin Akademik Solunum Dərnəyinin fəaliyyəti barədə məlumat verilmişdir.
Türkiyəli qonaqlara ATU-nun xatirə hədiyyələri təqdim edildikdən sonra forum işini panel iclaslarında davam etdirmişdir.
Panel iclaslarında Türkiyənin tanınmış mütəxəssislərinin, eləcə də yerli mütəxəssislərin tənəffüs sistemi xəstəliklərinə dair ən aktual problemlər və tətbiq edilən son müalicə metodları ilə bağlı məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaqdır.
Forum işini iyunun 28-də başa çatdıracaqdır.